Fərid Qayıbov millimizin məşqini izləyib - FOTO

5 Avqust 2026 17:58
113
Fərid Qayıbov millimizin məşqini izləyib - FOTO

Azərbaycanın qadın voleybol millisinin Avropa çempionatına hazırlıq prosesi ilə bağlı Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin geniş iclası keçirilib.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, İdarə Heyətinin, eləcə də Avropa çempionatının Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.

İclasdan əvvəl Fərid Qayıbov və federasiya rəhbərliyi avqustun 21-də başlayacaq Avropa çempionatına hazırlaşan Azərbaycan millisinin məşqini izləyiblər.

Nazir məşqdən sonra komanda üzvləri ilə söhbət edib, voleybolçuların hazırkı vəziyyəti və təlim-məşq toplanışı barədə məlumat alıb. O, millimizin qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanacağına inandığını bildirib və komandaya uğurlar arzulayıb.

AVF prezidenti Şahin Bağırov iclasda federasiyanın fəaliyyəti, ölkədə voleybolun inkişafı, uşaq voleyboluna göstərilən diqqət və milli komandanın Avropa çempionatına hazırlığı barədə məlumat verib.

Fərid Qayıbov AVF-ni ölkədə səmərəli çalışan idman federasiyalarından biri adlandırıb. Nazir yığmada yüksək əhval-ruhiyyə müşahidə etdiyini və baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında uğurlu nəticəyə inandığını vurğulayıb. O, Gənclər və İdman Nazirliyinin federasiyaya və çempionatın təşkilinə dəstəyini davam etdirəcəyini bildirib.

AVF-nin vitse-prezidenti Bəhruz Quliyev təşkilati hazırlıq, logistika, marketinq, media, könüllülər və bilet satışı istiqamətlərində görülən işlər barədə hesabat təqdim edib.

Millinin baş məşqçisi Faiq Qarayev isə komandanın iyuldan etibarən sıx qrafiklə hazırlaşdığını bildirib. Mütəxəssis əsas məqsədlərin yarışın yüksək səviyyədə təşkili və yığmanın uğurlu nəticə qazanması olduğunu qeyd edib.

İclasda çimərlik voleybolu üzrə Azərbaycan çempionatının final mərhələsi ilə bağlı təşkilati məsələlər də müzakirə olunub. Bildirilib ki, avqustun 6-dan Milli Gimnastika Arenasında quraşdırma işlərinə başlanılacaq. Arena həm yarışın təşkili, həm də milli komandanın məşqləri üçün tam hazır vəziyyətə gətiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya ilə qarşılaşacaq. Bakıdakı oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz