“Turan” Kuba millisinin sabiq voleybolçusunu transfer edib

5 Avqust 2026 14:29
93
“Turan” Kuba millisinin sabiq voleybolçusunu transfer edib

“Turan” voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi kubalı hücumçu Ana Yilian Klegeri transfer edib.

Boyu 185 sm olan voleybolçu 2026/2027 mövsümündə “Turan”ın heyətində Azərbaycan Yüksək Liqasında və Avropa kuboklarında çıxış edəcək.

36 yaşlı Kleger karyerası ərzində Azərbaycan, Türkiyə, Rumıniya, Rusiya, Polşa, Çin və Serbiya çempionatlarında oynayıb. O, daha əvvəl ölkəmizdə “Rabitə” və “Telekom” komandalarının formasını geyinib.

Kuba millisinin sabiq üzvü 2017/2018 mövsümündə Rumıniyanın “Alba Blaj” komandası ilə CEV Çempionlar Liqasının finalına yüksəlib və turnirin ən yaxşı hücumçusu seçilib.

Kleger “Lokomotiv Kalininqrad”, “Budovlyani Lodz”, “Şandun”, “Srvena Zvezda” və “Zeren Spor” kimi komandalarda da çıxış edib.

Təcrübəli voleybolçu Kuba millisinin heyətində 2010-cu il dünya çempionatında iştirak edib, 2011-ci ildə NORCECA çempionu və Panamerika Oyunlarının gümüş mükafatçısı olub.

İdman.Biz