Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının pley-off yarımfinalı ərəfəsində “Neftçi”nin baş məşqçisi Viktor Boldırevın şanslarla bağlı fikirlərindən sonra İdman.Biz “Ordu”nun baş məşqçisi Cavid Süleymanovun da mövqeyini öyrənib.
Mütəxəssis həmkarının “51-in 49-a” nisbəti ilə bağlı açıqlamasına münasibət bildirib.
“Mən istənilən rəqibə, o cümlədən “Neftçi”yə böyük hörmətlə yanaşıram. Şanslarımızı bərabər qiymətləndirərdim, lakin hər hansı faiz hesablaması aparmadan deyirəm ki, biz “Neftçi”ni məğlub edəcəyik.
Finalda potensial rəqibə gəlincə, qabaqcadan proqnoz vermək istəməzdim. Hazırda bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Həlledici matçda kiminlə qarşılaşacağımızın bizim üçün heç bir fərqi yoxdur – istər “Xilasedici”, istərsə də “Murov Az Terminal” olsun. Bir şeyi dəqiq bilirəm: hər iki klub finala yüksəlməyə layiqdir”, - deyə Cavid Süleymanov bildirib.
Qeyd edək ki, “Neftçi” - “Ordu” və “Xilasedici” - “Murov Az Terminal” yarımfinal oyunları 7 və 14 aprel tarixlərinə planlaşdırılıb.
