Azərbaycanda kişi voleybolçuların Yüksək Liqasında son turunun yekunlarına əsasən pley-off mərhələsinin yarımfinalçıları müəyyənləşib. Cütlüklərdən birində “Neftçi” ilə “Ordu” üz-üzə gələcək.
İdman.Biz “Neftçi”nin baş məşqçisi, ukraynalı mütəxəssis Viktor Boldarevdən komandasının finala yüksəlmək şanslarını necə qiymətləndirdiyini soruşub.
“Finala çıxmaq şanslarından danışsaq - bizim cütdə onlar bərabərdir. Belə deyim: əgər zədələr səbəbindən heyət itkisi olmasa, bu iki oyundan ibarət qarşıdurmada şanslarımızı 51-in 49 faizə qiymətləndirərdim.
Uğur qazanacağımız təqdirdə finalda istədiyim rəqibə gəlincə, mənim üçün prinsipial fərq yoxdur. Əsas vəzifə “Ordu”nu keçməkdir. “Xilasedici” – “Murov Az Terminal” cütündə isə qoy güclü olan qalib gəlsin”, - deyə Viktor Boldarev bildirib.
Qeyd edək ki, “Neftçi” - “Ordu” və “Xilasedici” - “Murov Az Terminal” yarımfinal seriyaları 7 və 14 aprel tarixlərində keçiriləcək.
