“Gənclər”ə qarşı oyun bizə pley-off mərhələsi ərəfəsində daha çox inam qazandırdı”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında “Azərreyl”in niderlandlı blokçusu Maryoleyn Oskam Azərbaycan voleybol üzrə Yüksək Liqasının müntəzəm mövsümünün son turunda “Gənclər” üzərində 3:0 hesablı qələbədən sonra deyib.
Oskamın sözlərinə görə, bu mövsüm “Azərreyl” üçün asan keçməyib: “Bir çox çətinliklərlə üzləşdik, amma pley-offa yaxşı formada çatmaq üçün çalışmaqda davam edirik. Düşünürəm ki, mümkün olduğu qədər hazırıq”.
Voleybolçu komandanın böyük ambisiyalarının olduğunu vurğulayıb və xatırladıb ki, “Azərreyl” ölkə çempionudur: “Bu titulu qorumaq istəyirik. Amma anlayırıq ki, bir neçə çox güclü rəqib var. Pley-offa çıxarkən bunun çətin olacağını bilirik, lakin medallar uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.
O, həmçinin bildirib ki, şəxsi oyunu hər dəfə daha da yaxşılaşır. Bu inkişafda mərkəz hücumçularla əməkdaşlıq mühüm rol oynayıb və nəticədə yaxşı qarşılıqlı anlaşma formalaşıb. Voleybolçu pley-offda da eyni tempdə davam etməyi planlaşdırır.
“Heyətdə bəzi dəyişikliklər oldu, amma ümumilikdə komandamız əladır, məşqçilər korpusu çox güclüdür və aramızda əla anlaşma var. Oyunçular arasında heç bir problem yoxdur. Məşqlərdə hər zaman əylənirik və düşünürəm ki, bu, meydanda da özünü göstərir”, – deyə o əlavə edib.
Maryoleyn Oskam ABŞ və Avropanın müxtəlif ölkələrində çıxış edərək böyük beynəlxalq təcrübə qazanıb. Onun sözlərinə görə, Azərbaycan liqası əvvəl oynadığı çempionatlardan matç və komanda sayının az olması ilə fərqlənir. Bununla yanaşı, o, yerli çempionatın müsbət cəhətlərini də qeyd edib.
“Məni xüsusilə maraqlandıran məqam komandaların tərkibində çoxlu təcrübəli oyunçuların olmasıdır. Onların uzun illərdir oynadıqları hiss olunur və bu, səviyyələrində öz əksini tapır. Bu, şübhəsiz ki, böyük üstünlükdür” – müsahibimiz qeyd edib.
Bundan əlavə, o, liqadakı xüsusi ab-havanı da vurğulayıb: “Çox xoşuma gəlir ki, oyunların əksəriyyəti Bakıda keçirilir. Demək olar ki, bütün komandalar burada yerləşir və biz özümüzü böyük bir voleybol ailəsi kimi hiss edirik. Bu, əvvəllər qarşılaşdığım hər şeydən fərqlənir”.
