“Məqsədimiz millini yenidən yüksək səviyyəyə qaytarmaqdır” - Faiq Qarayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

7 May 2026 11:07
145
“Məqsədimiz millini yenidən yüksək səviyyəyə qaytarmaqdır” - Faiq Qarayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Voleybol üzrə Avropa Liqasının başlamasına bir aydan da az vaxt qalıb. Azərbaycan qadın millisinin bu turnirdəki çıxışı evdə keçiriləcək Avropa çempionatı öncəsi ciddi yoxlama xarakteri daşıyacaq. Elə buna görə də heyətə müxtəlif səbəblərdən son Avroliqalarda iştirak etməyən təcrübəli voleybolçular cəlb olunub.

İdman.Biz xəbər verir ki, Voleybol üzrə Avropa Liqası ənənəvi olaraq komandalar üçün gənc oyunçuları sınamaq baxımından mühüm turnir sayılır.

Azərbaycan millisi də müəyyən mənada bu xətti davam etdirir. Komanda üçün Avropa çempionatı öncəsi hazırkı potensialı qiymətləndirmək xüsusi əhəmiyyət kəsb edir. Çünki son illərdə Avroliqada nəticələr ürəkaçan olmayıb - millimiz əvvəlki mövsümdə səkkizinci, ötən il isə sonuncu pillədə qərarlaşıb.

Bununla belə, son illər ölkə çempionatında rəqabət daha da artıb, gənc voleybolçular daha çox oyun təcrübəsi qazanıblar. Beynəlxalq görüşlər isə hazırkı heyətin real gücünü müəyyənləşdirmək üçün yaxşı fürsət olacaq. Üstəlik, rəqiblər də kifayət qədər iddialıdır - İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə.

Millinin hazırlığında diqqətçəkən məqamlardan biri də təcrübəli liderlərin yenidən komandaya qoşulmasıdır. Uzun illər Macarıstan çempionatında çıxış etdikdən sonra Vətənə dönərək “Turan”la çempion olan Ayşən Əbdüləzimova yenidən millinin düşərgəsindədir. İki illik fasilədən sonra Yelizaveta Ruban da komandaya qayıdıb. O, Rusiyanın “Leninqradka” klubunda uğurlu mövsüm keçirib. Bundan başqa, Rusiyada “Omiçka”nın formasını geyinmiş ötürücü Kristina Besman da heyətdə yer alıb.

Avropa çempionatına qədər döyüşkən və rəqabətədavamlı kollektiv formalaşdırmaq federasiyanın əsas məqsədlərindən biridir. Faiq Qarayevin rəhbərlik etdiyi milli məhz bu baxımdan hazırlığın vacib mərhələsinə daxil olur. Komanda hələ formalaşma prosesindədir və Avroliqa oyunları futbolçuların hazırkı durumunu qiymətləndirmək üçün mühüm göstərici olacaq.

Turnirin formatında isə ötən illə müqayisədə dəyişiklik edilməyib. Oyunlar yenə bir neçə həftəsonunu əhatə edəcək. Azərbaycan millisi yarışa evdə başlayacaq - komandamız iyunun 5-də İsveç, 7-də isə Estoniya ilə qarşılaşacaq.

Daha sonra millimizi İspaniyaya səfər gözləyir. Komanda iyunun 12-də Şimali Makedoniya, iyunun 13-ü isə meydan sahibləri ilə üz-üzə gələcək.

Növbəti mərhələ Skopyedə keçiriləcək. İyunun 19-da İsrail yığması ilə qarşılaşacaq komandamız, Növbəti gün İsveçrə ilə oynayacaq. Bu görüş qrup mərhələsində millimizin son oyunu olacaq.

Millinin gələcək planları ilə bağlı İdman.Biz-ə açıqlama verən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev komandanın əsas hədəfinin yenidən yüksək səviyyəyə qayıtmaq olduğunu bildirib:

“Bizim strateji vəzifəmiz millini yenidən yüksək səviyyəyə qaytarmaqdır. Klublar da düzgün istiqamətdə çalışsalar, üç-dörd ildən sonra ciddi irəliləyişin şahidi olacağıq”.

İdman.Biz