Voleybol üzrə Azərbaycan birinciliyində çempionlar bəlli olub - FOTO

15 Mart 2026 21:55
102
Voleybol üzrə Azərbaycan birinciliyində çempionlar bəlli olub - FOTO

16 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan həlledici qarşılaşmalarda bürünc və qızıl medalların sahibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, qızların finalında “AZERRAIL” komandası “Şərqi Zəngəzur RVK”ya heç bir şans tanımayıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi yarışın qalibi adını qazanıb.

Bu yaş qrupunda üçüncü yeri isə “Xarı Bülbül-3” klubuna 3:1 hesabı ilə qalib gələn “Milli Aviasiya Akademiyası” tutub.

Oğlanların mübarizəsində final görüşü olduqca gərgin keçib. “Bakı RVK” komandası “Sumqayıt RVK” ilə qarşılaşmada 3:2 hesablı çətin qələbə qazanaraq çempionluğa yiyələnib.

Bürünc medal uğrunda oyunda isə “Embawood” eyni hesabla “Oğuz RVK”dan üstün olub.

Final oyunlarından sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çıxış edərək yarışın gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb və gənc idmançılara uğurlar arzulayıb.

Daha sonra komandalara kubok, medal və diplomlar təqdim olunub. Mükafatları Şahin Bağırovla yanaşı, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, həmçinin digər rəsmi şəxslər təqdim ediblər.

Teqlər: voleybol, Azərbaycan birinciliyi, U-16, AZERRAIL, Bakı RVK, Şahin Bağırov

İdman.Biz