“Bakı mənim üçün ikinci evə çevrilib, burada həm sakitlik, həm də enerji var” - Meksikalı voleybolçunun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
11 Noyabr 2025 17:54
319
“Bakı mənim üçün ikinci evə çevrilib, burada həm sakitlik, həm də enerji var” - Meksikalı voleybolçunun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Meksikalı voleybolçu Jozelin Landeros artıq üçüncü mövsümdür Azərbaycan çempionatında çıxış edir. “Abşeron”la iki dəfə gümüş medal qazanan idmançı bu dəfə “Turan” klubuna keçib. Liqanın ən təcrübəli legionerlərindən biri olan Landeros Bakıdakı karyerasının maraqlı mərhələsi barədə İdman.Biz-ə danışıb.

- “Turan”a keçiddən sonra hansı hissləri yaşayırsınız? Adaptasiya prosesi necə keçir?

- Özümü çox yaxşı hiss edirəm. Komanda məni səmimi qarşıladı, həm komanda yoldaşlarım, həm də məşqçilər iş prosesinə tez uyğunlaşmağım üçün kömək etdilər. Bütün bunlar mövsümün əvvəlində məni çox motivasiya edir. Artıq kollektivin bir hissəsinə çevrildiyimi hiss edirəm.

- Azərbaycanda bir neçə mövsüm keçirdikdən sonra deyə bilərikmi ki, liqaya tam uyğunlaşmısınız?

– Bəli, tam olaraq. İlk aylar asan deyildi - fərqli oyun tempi, çoxlu məşqlər, başqa tərzdə oyun. Amma zaman keçdikcə çempionatın özünəməxsus xüsusiyyətlərini anlayırsan, güclü tərəfləri görürsən, özünü daha yaxşı ifadə etməyi öyrənirsən. İndi özümə inamlıyam və sabit oyun göstərə bilirəm.

- Yeni mövsümdən gözləntiləriniz nələrdir və klub qarşısına hansı məqsədləri qoyub?

- Komandamız çox iddialıdır. Klub rəqabətədavamlı olmaq, yüksək yerlər uğrunda mübarizə aparmaq və yüksək səviyyəli voleybol nümayiş etdirmək istəyir. Mənim məqsədim isə nəticəyə maksimum töhfə verməkdir. İrəliləmək və klubun inkişafına kömək etmək istəyirəm.

- Artıq bir neçə ildir Bakıda yaşayırsınız. Şəhərdə sevdiyiniz məkanlar varmı?

- Bakı mənim üçün demək olar ikinci evə çevrilib. Bu şəhər dinamik, gözəl və müasir bir yerdir. Mənə ən çox dənizkənarı bulvar xoş gəlir - boş vaxtlarım olanda mütləq dəniz kənarında gəzintiyə çıxıram. Köhnə şəhəri, İçərişəhərin ab-havasını və oradakı kiçik kafeləri çox sevirəm. Bu şəhərdə həm sakitlik, həm də özünəməxsus enerji var.

- Adətən meksikalılar acılı yeməklərə üstünlük verirlər. Bu baxımdan Azərbaycan mətbəxinə münasibətiniz necədir?

- Bəli, mən elə qidalarla böyümüşəm - bu, sanki xarakterimin bir hissəsidir (gülümsəyir). Azərbaycanda yeməklər o qədər acılı deyil, amma çox dadlıdır. Artıq dolmanı, qutabı, düşbərəni çox sevirəm. Bəzən orijinal Meksika souslarını darıxıram, ona görə evdə özüm nəsə hazırlayıram. Amma ümumilikdə Azərbaycan mətbəxi əladır.

- Siz Meksika millisinin əsas voleybolçularından birisiniz. Komandanı yaxın zamanda hansı oyunlar gözləyir?

- Hazırda millidə yenilənmə və inkişaf mərhələsi gedir. Komanda oyununu formalaşdırır, özündən daha çox tələb edir, sabitliyi artırmaq üzərində işləyir. Qarşımızda bir çox məqsəd var - beynəlxalq oyunlarda yaxşı nəticələr göstərməkdən tutmuş böyük turnirlərə hazırlığa qədər. Komanda qələbələrə acdır və mən yığmaya çağırıldığım zaman bu prosesin bir parçası olmaqdan çox xoşbəxt oluram. Amma hazırda bütün fikrim “Turan”la uğurlu çıxış etməkdədir.

- Yəqin ki, bu illər ərzində Azərbaycanda sizi dəstəkləyən azarkeşləriniz yaranıb. Onlara nə demək istərdiniz?

- Dəstəyə görə hamınıza təşəkkür edirəm! Onu hər zaman hiss edirəm - həm arenada, həm də sosial şəbəkələrdə. Söz verirəm ki, komandam üçün əlimdən gələni edəcəyəm və maksimum çalışacağam. Qarşıda bizi çox maraqlı hadisələr gözləyir.

Zəki Feyzullayev

İdman.Biz