Qadın voleybolçulardan ibarət “Turan” klubunun Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb “Mladost”u üzərində qazandığı qələbə Xorvatiyanın idman mətbuatında diqqət çəkib.
İdman.Biz xəbər verir ki, Sportske novosti nəşri HINA agentliyinin materialını dərc edərək “Mladost”un kişi və qadın komandalarının Avropa arenasındakı çıxışlarını müqayisə edib.
Xorvatiyalı jurnalistlər qeyd ediblər ki, Zaqreb klubunun kişi komandası Çempionlar Liqasının təsnifat mərhələsinə Kiprdə “Pafiakos” üzərində 3:1 hesablı qələbə ilə başlasa da, qadınlardan ibarət kollektiv Azərbaycanda məğlubiyyətlə üzləşib.
Tovuzda keçirilən və 84 dəqiqə davam edən qarşılaşma “Turan”ın inamlı qələbəsi ilə yekunlaşıb – 3:0 (25:20, 25:16, 25:16).
Xorvatiya nəşri Azərbaycan klubunun beynəlmiləl heyətinə də xüsusi diqqət ayırıb. Məqalədə “Turan”ın heyətində Cənubi Koreya, Yaponiya, Çin, Kuba və Serbiyadan olan voleybolçuların çıxış etdiyi vurğulanıb.
Sportske novosti-nin məlumatına görə, “Mladost”un heyətində ən məhsuldar oyunçu 22 xal toplayan keniyalı Pamella Ovino olub. Konstantina Vlaxaki isə komandasına yeddi xal qazandırıb.
Qarşılaşmadan sonra Xorvatiya təmsilçisinin voleybolçusu Mirta Froynd komandasının həddindən artıq səhvə yol verdiyini etiraf edib.
“Alınmadı, çoxlu səhvlərə yol verdik. Düşünürəm ki, evdə daha yaxşı çıxış edəcəyik”, – deyə voleybolçu bildirib.
Froynd bununla yanaşı, ilk setdə “Mladost”un oyununda kifayət qədər müsbət məqamların olduğunu və cavab görüşünə hazırlaşarkən bunların nəzərə alınmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, “Mladost”la “Turan” arasında cavab qarşılaşması oktyabrın 29-da Zaqrebdə, Dom odbojke idman zalında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İki oyunun nəticəsinə əsasən qalib gələn komanda qadın voleybolçular arasında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.
