Cokoviçdən Uimbldon tarixində rekord qələbə

8 İyul 2026 13:51
74
Cokoviçdən Uimbldon tarixində rekord qələbə

Dünyanın səkkizqat raketkası, serbiyalı tennisçi Novak Cokoviç Uimbldon turnirinin 1/4 finalında tarixi qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, 39 yaşlı raketka ustası kanadalı Feliks Oje-Alyassimi məğlub edib.

Görüş 5 saat 15 dəqiqə davam edib. Cokoviç rəqibini 7:6(10), 3:6, 6:3, 6:7(4), 7:6(10-4) hesabı ilə üstələyib. Bu, Uimbldon tarixində ən uzun 1/4 final matçı olub.

Qarşılaşmada üç tay-breyk oynanılıb. Həlledici setin super tay-breykində daha soyuqqanlı çıxış edən Cokoviç 10:4 hesabı ilə qalib gəlib.

“OptaAce”in məlumatına görə, Cokoviç 1968-ci ildən başlayan Açıq Era dövründə eyni “Böyük dəbilqə” turnirində 15 dəfə yarımfinala yüksələn üçüncü tennisçi olub. Daha əvvəl Rocer Federer Avstraliya Açıq çempionatında, Rafael Nadal isə Rolan Qarrosda eyni nəticəyə imza atıb.

39 yaş 38 günlüyündə bu uğura çatan Cokoviç Uimbldonun yarımfinalına yüksələn ikinci ən yaşlı tennisçi olub. Bu, onun Londonda ardıcıl səkkizinci yarımfinalıdır.

Serbiyalı tennisçi “Böyük dəbilqə” turnirlərində 55-ci dəfə yarımfinala adlayıb. O, növbəti mərhələdə dünyanın birinci raketkası, turnirin son qalibi italiyalı Yannik Sinnerlə qarşılaşacaq.

Qeyd edək ki, Cokoviç və Sinner bu il Avstraliya Açıq çempionatında da üz-üzə gəliblər. Beş set davam edən həmin görüşdə serbiyalı tennisçi qalib gəlmişdi.

İdman.Biz