Azərbaycan Tennis Federasiyasının rəhbər heyəti və idarə heyətinin üzvlərinin iştirakı ilə tennis və padel ictimaiyyəti ilə geniş tərkibli görüş keçirilib.
İdman.Biz xəbər verir ki, dörd saatdan artıq davam edən görüşdə tennis və padel üzrə məşqçilər, idmançılar, valideynlər, hakimlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüş iştirakçıları onları maraqlandıran sualları, fikir və təkliflərini birbaşa Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərliyə ünvanlamaq imkanı əldə ediblər.
Görüş zamanı tennis və padel idman növlərinin mövcud vəziyyəti, gələcək inkişaf istiqamətləri, infrastruktur, yarışların təşkili, uşaq və yeniyetmələrin hazırlığı, məşqçilik fəaliyyəti və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Tennis Federasiyası açıq dialoq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiq qalaraq, tennis və padel icmasının inkişafına töhfə verəcək bu cür görüşlərin mütəmadi olaraq davam etdirilməsini hədəfləyir.
