Almaniyalı tennisçi Aleksandr Zverev Fransa Açıq çempionatının - “Rolan Qarros”un qalibi olub.
İdman.Biz xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində yer alan idmançı finalda italiyalı Flavio Kobollini məğlub edib.
Gərgin keçən qarşılaşma Zverevin 6:1, 4:6, 6:4, 6:7 (5:7), 6:1 hesablı qələbəsi ilə başa çatıb. Almaniyalı tennisçi bununla karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirinin qalibi adını qazanıb.
Görüş dörd saat 16 dəqiqə davam edib. Finalda Zverev altı dəfə eys edib, doqquz qoşa səhvə yol verib və 19 breyk-poyntdan səkkizini reallaşdırıb. Kobollinin hesabında isə altı eys, iki qoşa səhv və səkkiz breyk-poyntdan üçü var.
Bu titul Zverev üçün xüsusi əhəmiyyət daşıyır. O, daha əvvəl üç dəfə “Böyük dəbilqə” finalında məğlub olub: 2020-ci ildə ABŞ Açıq çempionatında, 2024-cü ildə “Rolan Qarros”da və 2025-ci ildə Avstraliya Açıq çempionatında.
Zverev həm də son 30 ildə kişilərin tək yarışında “Böyük dəbilqə” qazanan ilk alman tennisçi olub. Ondan əvvəl bu uğura Boris Bekker (Boris Becker) 1996-cı ildə Avstraliya Açıq çempionatında imza atıb.
Qeyd edək ki, Flavio Kobolli karyerasında ilk dəfə “Böyük dəbilqə” finalına yüksəlib.
