WTA qadın tennisçilərin gender testindən keçməsini tələb edir

20 İyul 2026 19:16
371
WTA qadın tennisçilərin gender testindən keçməsini tələb edir

Jurnalist Ben Rothenberq öz saytında Qadın Tennis Assosiasiyasının (WTA) himayəsi altında yarışa başlamazdan əvvəl qadın idmançılar üçün 1 iyul 2026-cı il tarixindən etibarən gender testi məcburi hala gətirdiyini bildirib.

İdman.Biz bildirir ki, tennisçilər adətən Y xromosomunda olan SRY geni üçün testdən keçiriləcəklər. Test yanağın içindən, tüpürcəkdən və ya qandan götürülmüş bir tampon istifadə edilərək aparılacaq.

SRY geni aşkar edilərsə, tennisçi müvəqqəti olaraq yarışlardan kənarlaşdırılacaq və əlavə testlər üçün göndəriləcək. O, karyerasını yalnız bədəninin kişi yetkinliyinin fizioloji təsirlərini yaşamasına mane olan cinsi inkişaf pozğunluğuna sahib olduğunu sübut edə bilsə və ya tam androgen həssaslığı sindromuna malik olarsa davam etdirə biləcək.

Bundan əlavə, yeni siyasətin tətbiqi ilə əlaqədar olaraq, tennisçilərdən testdən keçməyə və WTA Tibb Departamenti ilə əməkdaşlığa razılıqlarını təsdiqləyən razılıq formasını imzalamaları tələb olunacaq. Orada deyilir: "Mən qəbul edirəm ki, əgər WTA-nın tələb etdiyi kimi genetik gender testindən keçməsəm və ya bu Uyğunluq Siyasəti çərçivəsində yarışmaq hüququm olmadığımı bilsəm də, WTA turnirində iştirak etsəm, WTA mənə qarşı intizam tədbiri görə bilər. Mən həmçinin qəbul edirəm və razıyam ki, bu cür intizam tədbiri, digər məsələlərlə yanaşı, WTA turnirlərindən müəyyən müddətə kənarlaşdırmanı əhatə edə bilər ki, bu da mənim kənarlaşdırma səbəbimin ictimaiyyətə məlum olmasına və ya ictimai spekulyasiya mövzusuna çevrilməsinə səbəb ola bilər".

Mümkün sanksiyalara xəbərdarlıq və ya töhmət, müəyyən müddətə turnirlərdən kənarlaşdırma, imtiyazların itirilməsi, cərimə və kənarlaşdırma dövründə əldə edilən nəticələrin ləğvi daxildir.

Qeyd etmək lazımdır ki, 2028-ci ildən başlayaraq Olimpiadada genetik test məcburi olacaq.

İdman.Biz