İspaniyalı Marsel Qranolyers və argentinalı Orasio Sebalyos “Böyük Dəbilqə” seriyasına daxil olan mövsümün ikinci turniri olan “Rolan Qarros”un kişi cütlükləri yarışının qalibi olublar.
İdman.Biz xəbər verir ki, finalda 40 yaşlı Marsel Qranolyers və 41 yaşlı Orasio Sebalyos Finlandiyanı təmsil edən Harri Heliyovaara və Böyük Britaniya təmsilçisi Henri Pattendən ibarət cütlüyü 6:4, 6:2 hesabı ilə məğlub ediblər.
Sebalyos kişi cütlüklərində “Böyük Dəbilqə” turnirlərinin ən yaşlı qaliblərindən biri kimi tarixə düşüb. Bu göstəricidə onu yalnız hindistanlı Rohan Bopanna qabaqlayır. Bopanna 2024-cü ildə 43 yaşında Avstraliya Açıq Çempionatının qalibi olmuşdu.
Beləliklə, argentinalı tennisçi eyni zamanda “Rolan Qarros”un kişi cütlükləri yarışında ən yaşlı qalib rekordunu da yeniləyib. Əvvəlki rekord 2022-ci ildə 40 yaşında titul qazanan niderlandlı Jean-Julien Rojerə məxsus idi. Sebalyos 41 yaşında çempion olmaqla bu göstəricini geridə qoyub.
