Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara Çində hazırlaşır

Xəbərlər
12 Avqust 2023 16:50
88
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara Çində hazırlaşır

Azərbaycanın stolüstü tennisçiləri Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova Çinin Hebey əyalətinin Jenqdinq şəhərində hazırlığı davam etdirir.

Federasiyadan İdman.biz-a verilən məlumata görə, idmançılar avqustun 4-dən məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışındadırlar.

"Zhengdig National Table tennis Center"də keçirilən və qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan toplanış sentyabrın 10-dək davam edəcək.

Səbinə Əzizlinin sözlərinə görə hazırlıq prosesi yüksək səviyyədə keçirilir: "Budəfəki toplanışda bizim idmançılarla yanaşı, Filippin, Rusiya və Kolumbiya stolüstü tennisçiləri də iştirak edirlər. Onlar daha çox fiziki hazırlıqları ilə diqqət çəkirlər. İdmançılarımız üçün uyğunlaşma prosesi uzun sürmədi. Demək olar ki, bir həftədən sonra onlarla ayaqlaşa bildilər. İndi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirilir. Gündə hərəsi 3 saat olmaqla iki dəfə məşq edirlər. Bu cür toplanışlar stolüstü tennisçilərimizin ustalığının artırılması baxımından çox əhəmiyyətlidir".

Qeyd edək ki, daha 4 idmançı - Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

İdman.biz