Stolüstü tennisçimiz Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən nüfuzlu “Euro Mini Champs” yarışında qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində çıxış edən Mehin ilk üç mərhələni lider kimi başa vurub.
Azərbaycan təmsilçisi 1/8 finalda Moldovadan, 1/4 finalda isə Fransadan olan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə İsveçrə təmsilçisini 3:0 hesabı ilə məğlub edən Mehin finala vəsiqə qazanıb.

Mini Avropa çempionatı kimi tanınan turnirin həlledici görüşündə Mirzəbalayeva ötənilki qalib Kaja Tvorogalla üz-üzə gəlib. Azərbaycanlı stolüstü tennisçi latviyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək baş mükafata sahib çıxıb.
Bu, Azərbaycan stolüstü tennisçilərinin “Euro Mini Champs” yarışında qazandığı ilk qızıl medal olub.
Qeyd edək ki, daha əvvəl Onur Quluzadə analoji turnirdə bürünc medal qazanıb.
