Azərbaycanın stolüstü tennis üzrə qadın və gənclərdən ibarət komandaları Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında uğurlu çıxışlarını davam etdiriblər.
İdman.Biz Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadınlardan ibarət milli komanda ikinci turun Astanada keçirilən bütün görüşlərində qalib gəlib. Baş məşqçi Fərhad İsmayılovun rəhbərlik etdiyi heyətdə Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərova yer alıb.
Millimiz Astanada səkkiz oyunun hamısını qələbə ilə başa vurub. Gənclərdən ibarət seçmə komanda da Taraz şəhərində eyni uğura imza atıb. Ramil Cəfərovun rəhbərlik etdiyi Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət yeddi qarşılaşmanın hamısında qalib gəlib.

İki turun nəticələrinə əsasən, hər iki komandamız 12 kollektivin mübarizə apardığı turnir cədvəlində liderliyə yüksəlib.
Qeyd edək ki, Avrasiya Liqasında Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan təmsilçiləri mübarizə aparırlar. Yarışın növbəti turlarının sentyabr və dekabr aylarında keçirilməsi nəzərdə tutulub. Martda keçirilən ilk turdan sonra Azərbaycan qadın komandası səkkiz oyundan yeddisində qalib gələrək ikinci pillədə qərarlaşmışdı, gənclərdən ibarət heyət isə ilk turun altı görüşündən beşində qələbə qazanmışdı.
