Azərbaycan stolüstü tennisçisi Nihad Məmmədovun “Ginnesin Rekordlar Kitabı”na düşməsi bu idman növünə marağı daha da artıracaq.
İdmançı bildirib ki, bu nəticə gələcək illərdə dəyişə və yenilənə bilər.
"Düşünürəm ki, rekordlar qırılmaq üçündür. Gələcəkdə bu nəticə yenilənə bilər. İdmanda rəqabət inkişaf gətirir. Amma hazırda bu nəticəni əldə etdiyim üçün xoşbəxtəm və inanıram ki, bu rekord Azərbaycanda stolüstü tennisə marağı daha da artıracaq", - deyə o report.az-a açıqlamasında bildirib.
N.Məmmədov rekordun təsdiqlənməsinin onun üçün çox qürurverici və unudulmaz an olduğunu vurğulayıb:
"Hazırkı uğurun arxasında uzunmüddətli məşqlər, intizam və böyük zəhmət dayanır. Azərbaycanı "Ginnesin Rekordlar Kitabı" səviyyəsində təmsil etmək mənim üçün xüsusi hissdir".
Stolüstü tennisçi növbəti məqsədlərindən də söz açıb:
"Qarşıdakı əsas hədəfim həm öz nəticələrimi daha da inkişaf etdirmək, həm də Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etməkdir. Bundan əlavə, bu idman növünə marağı artırmaq və gənclərə motivasiya vermək istəyirəm".
Xatırladaq ki, Azərbaycan millisinin üzvü bu ilin aprelində "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.
Qeyd edək ki, sözügedən rekord (17.50 metr) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
