Zemfira Mikayılova: “İlk dəfə xarici klubun heyətində medal qazandım”

14 Aprel 2026 17:13
238
Zemfira Mikayılova: “İlk dəfə xarici klubun heyətində medal qazandım”

Azərbaycan stolüstü tennisçisi Zemfira Mikayılova ilk dəfə xarici klubun heyətində mükafat qazanıb.

İdman.Biz xəbər verir ki, bunu “Masa Der Spor Klubu”nun heyətində Türkiyə Superliqasının bürünc medalını qazanan idmançı yarışın səviyyəsi barədə report.az-a danışarkən deyib.

“Yarış maraqlı keçdi. İlk dəfə idi ki, xarici klubdan dəvət alırdım və orada iştirak edirdim. Rəqiblər güclü idilər. Qarşılaşdığımız 9 komandanın yeddisinə qalib gəlib, ikisinə məğlub olduq. Bizim üçün maraqlı və həyəcanlı idi. Sonda üçüncü yeri tutduq. İlk dəfə belə bir uğur qazandığımız üçün çox sevindik”, - deyə o söyləyib.

O, turnirin formatı və komandasının nəticəsi barədə bunları deyib:

“Birinci yeri “Çukurova Universitesi”, ikinci yeri “Çorum Belediyyesi ASK” tutdu. Biz isə üçüncü olduq. Yarış iki tur davam etdi. Türkiyədə bir neçə liqa var, biz Superliqada mübarizə aparırdıq. Orada hər il belə yarış keçirilir. Üçüncü olduğumuz üçün Elit Liqaya yüksəlmək şansımız var. Gələn mövsüm yenə çağırsalar, həmin klubun tərkibində ən güclülərin yer aldığı Elit Liqada oynaya bilərik”.

Z.Mikayılova çempionluğa mane olan amillərə də toxunub:

“Hər iki komandaya 2:3 hesabı ilə məğlub olduq. Kiçik detallar çatmadı. Rəqiblər bir-birinə və oradakı şəraitə daha çox öyrəşiblər. Yarış xaricdə keçirildiyi üçün bizdə bir az həyəcan var idi. Amma oyun cəhətdən hər şey yaxşı idi, təlim-məşq toplanışı keçmişdik, güclü hazırlaşmışdıq. Uduzduğumuz rəqiblər yerli oyunçular idi. Digər klublarda Misir və İrandan legionerlər çıxış edirdi”.

Qeyd edək ki, “Masa Der Spor Klubu”nun üzvləri olan Azərbaycan stolüstü tennisçiləri Zemfira Mikayılova və Mərziyyə Nurmətova Türkiyə Superliqasının bürünc mükafatını qazanıblar.

İdman.Biz