Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Bildirilib ki, milli komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər.
Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Stolüstü tennisin 1988-ci ildə Olimpiya Oyunlarının proqramına daxil edilməsindən “Paris-2024” Oyunlarınadək Çin 42 mümkün qızıl medaldan 37-ni qazanaraq bu idman növündə aparıcı ölkə hesab olunur.
