İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışların keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulub.
İdman.biz saytına bu məlumatı Azərbaycanın Üzgüçülük növü üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov verib.
Onun sözlərinə görə 10-30 oktyabr tarixlərində yığma Mingəçevir şəhərində “Kür” təlim-tədris mərkəzində təlim məşq toplanışında iştirak edəcək. Noyabrın 10-15-də isə Bakıda, Su İdman Sarayında respublika kuboku təşkil olunacaq. Bu yarışda fərqlənənlər milli komandaya cəlb olunacaqlar.
Əbdürrəhmanov beynəlxalq yarışlardan da söz açıb. Üzgüçülərimiz oktyabr və noyabrda Almaniyada, Qətərdə və Kanada da keçiriləcək Dünya kubokunun mərhələ yarışlarında öz güclərini sınayacaqlar. Bundan başqa, Azərbaycan millisi dekabrda Rumıniyanın Buxarest şəhərində keçiriləcək üzgüçülük üzrə Avropa çempionatında mübarizə aparacaq.
İdman.biz