“Bu yarışda iştirak edən hər kəs artıq qalibdir”.
İdman.Biz xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov paraüzgüçülük üzrə ilk Azərbaycan çempionatının açılış mərasimində deyib.
O bildirib ki, ölkədə ilk dəfə belə bir yarışın təşkili paralimpiya idman növlərinin inkişafına mühüm töhfə verəcək:
“İnanıram ki, bu hərəkat davamlı xarakter alacaq. Biz Nazirlik olaraq paralimpiya idmanının inkişafına hər zaman dəstək göstərməyə hazırıq. Bütün kateqoriyalardan olan vətəndaşlarımızın sağlamlığı dövlətimizin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir”.
Aydın Məmmədov yarış iştirakçılarının hər birinin böyük əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb:
“Bu yarışda iştirak edən hər bir idmançı, medal qazanıb-qazanmamasından asılı olmayaraq, bizim üçün artıq qalibdir. Hər biriniz böyük potensiala malik çempionsunuz”.
