“Hazırda biz tədricən uyğunlaşma və təkmilləşmə tələb edən yeni layihənin ilkin mərhələsindəyik. Bunun üçün vaxt lazımdır. Amma sürətlə öyrənən çoxlu gənc idmançılarımız var ki, bu da inkişaf prosesini sürətləndirməyə kömək edir”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycan üzgüçülük millisinin baş məşqçisi Luka Qabrilo deyib.
Onun sözlərinə görə, hazırda əsas məqsəd görülən işin keyfiyyətini artırmaq üçün müntəzəm olaraq yarışlarda və təlim-məşq toplanışlarında iştirak etməkdir. Yığmanın qarşıdakı əsas hədəfləri yeniyetmələr və böyüklər arasında Avropa çempionatları, həmçinin oktyabrda Bakıda keçiriləcək Dünya Kubokunun mərhələsidir.
İsveçrəli mütəxəssis komandanın evdə təşkil olunacaq Dünya Kuboku mərhələsinə nikbin yanaşdığını, lakin hələlik medal gözləntilərinin erkən olduğunu bildirib:
“Hazırlıq plana uyğun gedir. Qarşıda bizi yarışlar və təlim-məşq toplanışları gözləyir. Ancaq komandamız gənc üzgüçülərdən ibarətdir və turnirin səviyyəsi çox yüksəkdir. Hər şey hansı üzgüçülərin yarışa qatılacağından asılı olacaq. Ola bilsin ki, bir və ya iki idmançımız finala yüksələ bilsin. Dünyanın ən güclü üzgüçüləri ilə birlikdə axşam sessiyasında onları görmək çox gözəl olardı. Lakin əsas diqqət maksimum dərəcədə hazırlaşmağa yönəlib. Finala yüksəlmək mümkün olmasa belə, şəxsi nəticələrin yaxşılaşdırılması vacibdir”.
Qabrilo əlavə edib ki, bu turnir bütün üzgüçülük dünyasının diqqətini Azərbaycana yönəldəcək. Onun fikrincə, yarışlar yalnız idmançılar üçün ciddi sınaq deyil, həm də ölkədə üzgüçülüyün populyarlaşması baxımından mühüm vasitə olacaq:
“Bizim möhtəşəm infrastrukturumuz və daha yüksək səviyyədə istifadə olunmalı olan əla idman obyektimiz var. Bu, dünyanın ən yaxşı hovuzlarından biridir. Amma hələlik ondan kifayət qədər sadə şəkildə istifadə edirik. Bundan başqa, bu yarış üzgüçülük üçün əla reklam olacaq. İnsanlar dünyanın ən yaxşı idmançılarının çıxış etdiyi yarışları izləmək istəyəcəklər.
Mənim böyük beynəlxalq təcrübəm var və logistika baxımından Bakı yarışların keçirilməsi üçün ən yaxşı məkanlardan biridir. Hovuz, hotellər, nəqliyyat - hər şey yüksək səviyyədədir. Əgər təşkilatçılıq da yüksək səviyyədə olarsa, bu həm idman növünün, həm də beynəlxalq miqyasda böyük olmayan federasiyanın iri yarışlar keçirmək imkanlarının əla nümayişi olacaq”.
Luka Qabrilo ötən ilin oktyabrında baş məşqçi vəzifəsinə təyin olunduqdan sonra Azərbaycan millisinin inkişafını necə qiymətləndirdiyini də açıqlayıb. Onun sözlərinə görə, məqsəd yalnız idmançıları məşq etdirmək deyil, həm də yüksək nəticələr mentalitetini və ümumilikdə idman mədəniyyətini dəyişmək olub. Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər son nəticədə idmançını formalaşdıran gündəlik xırda detallarda özünü göstərir:
“Bunlar çox sadə məsələlərdir: gecikməmək, məşqə gələ bilməyəndə xəbər vermək, problemləri müzakirə etmək, məşqləri təhlil etmək. Hətta yüklənmələrə münasibət də vacibdir. İdmançı intizamlı olmalı və narahatlığa dözməyi bacarmalıdır. Hazırda vəziyyət dəyişib. Üzgüçülər yüklənmələrin öhdəsindən daha yaxşı gəlir, yorğunluqlarını və emosiyalarını idarə edə bilirlər.
Başqa bir nümunə məşqdən sonra əlavə 10 dəqiqə qalaraq dartınma hərəkətləri etmək, bərpaya diqqət yetirmək, masaj almaq və düzgün qidalanmaqdır. İnsan anlamalıdır ki, yüksək nailiyyətlər idmanı ilə məşğuldur. Biz İtaliya, ABŞ, Rusiya və Yaponiya ilə rəqabət aparırıq. Onlar bizdən çox irəlidədirlər. Deməli, biz onlardan daha çox çalışmalıyıq. Yaxşı idmançı ilə dünya elitası arasındakı fərq məhz bu xırda detallarda gizlənir”.
Qabrilo vurğulayıb ki, Azərbaycan üzgüçülərinin idman mədəniyyəti 6-12 ay ərzində dəyişə və gələcəkdə ciddi nəticələr verə bilər:
“Məşq etdirmək bir məsələdir, amma biz sehrbaz deyilik. Həqiqi inkişaf bütün cəmiyyətin düşüncə tərzinin dəyişməsi ilə başlayır. Komandanın suda inkişafından razıyam. Düşünürəm ki, mövsümün sonuna qədər çoxlu şəxsi rekordların şahidi olacağıq.
Lakin bir ildən sonra ən böyük uğur Su İdmanı Sarayında düzgün məşq sistemi, planlaşdırma və hovuzdan kənar həyat prinsipləri ilə fəaliyyət göstərən yüksək nailiyyətlər mərkəzinin yaradılması olacaq. Bu, demək olar ki, kiçik bir möcüzədir. Digər ölkələrdə belə dəyişikliklər illərlə vaxt aparır. Burada isə prosesi sürətləndirmək mümkündür. İstedadlı insanlar və perspektivli gənc nəsil var. Yaxın zamanda avadanlıqları təkmilləşdirəcək, videoanaliz və test sistemlərini inkişaf etdirəcəyik. Bütün bunlar gələcək inkişafımıza kömək edəcək”.
