Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
İyunun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 30-a yaxın paraüzgüçü doqqoz kateqoriya üzrə qüvvəsini sınayacaq.
Yarışın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafını dəstəkləmək, həmçinin gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək yeni paraüzgüçülər nəslinin formalaşdırılmasına töhfə verməkdir.
İlk dəfə təşkil olunacaq paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
