Bu il oktyabrın 1-3-də Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkili, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq federasiyanın texniki və təşkilati tələblərinin yerinə yetirilməsi məqsədilə Bakı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb.
Bu barədə İdman.Biz-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Hazırlıq dövründə idman obyektində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, yarış avadanlıqları quraşdırılacaq, texniki və inzibati zonalar yaradılacaq, həmçinin iştirakçıların, hakimlərin, beynəlxalq federasiya nümayəndələrinin, könüllülərin və Təşkilat Komitəsinin fəaliyyəti üçün zəruri infrastruktur hazırlanacaq. Bu səbəbdən bədii gimnastika, bədii üzgüçülük, quruya tullanma məşqləri (Dry Diving), yapon döyüş növləri bölmələrinin, həmçinin Olimpiya hovuzu (50 metrlik), məşq hovuzu və su polosu hovuzunun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Qeyd edək ki, tətbiq olunan məhdudiyyətlər yalnız Dünya Kubokuna hazırlıq və yarışların keçirilməsi müddətini əhatə edir və daimi xarakter daşımır. Hazırlıq işləri və beynəlxalq yarış başa çatdıqdan sonra bütün bölmələrin və hovuzların fəaliyyətinin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur. Qərar yalnız beynəlxalq idman tədbirinin təşkili ilə bağlı yaranmış təşkilati, texniki və təhlükəsizlik tələblərindən irəli gəlir.
