Azərbaycanda üzgüçülüyün inkişafı və kütləviliyinin artırılması məqsədi daşıyan “Üzgüçülük hamı üçün” yarışında həlledici mərhələyə start verilib.
İdman.Biz xəbər verir ki, final mərhələsinin açılış mərasimində Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev jurnalistlərə açıqlama verib.
Federasiya rəhbəri bildirib ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, qardaş Türkiyədən olan iştirakçılar da mübarizə aparırlar.
Onun sözlərinə görə, final mərhələsinə vəsiqə qazanan 70-yə yaxın idmançı medallar uğrunda yarışacaq.
“Üzgüçülük hamı üçün yarışının final mərhələsindəyik. Bu gün final mərhələsinə vəsiqə qazanan ümumilikdə 70-yə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının bu yarışları mütəmadi keçirməkdə məqsədi ölkəmizdə üzgüçülüyün inkişafını və kütləviliyini təmin etməkdir”, - deyə Zaur Əliyev vurğulayıb.
