“Üzməyi öyrənək” layihəsinin növbəti mərhələsi başa çatıb - FOTO

1 İyul 2026 18:47
73
“Üzməyi öyrənək” layihəsinin növbəti mərhələsi başa çatıb

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Üzgüçülük Federasiyası və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Üzməyi öyrənək” layihəsinin VII mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, ölkə üzrə 25 idman qurğusunda təşkil olunan layihəyə 33 ümumtəhsil məktəbindən ümumilikdə 3000 şagird cəlb edilib. Siyahıya alınmış şagirdlərdən 1927 nəfər təlimlərdə mütəmadi iştirak edib, 40 nəfər isə abunə əsasında məşqlərini davam etdirib.

Təlimlər “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, həmçinin Gəncə, Ağcabədi, Şirvan, Şəmkir, Lənkəran, Qax, Neftçala, Balakən, Şəki, Biləsuvar, Zaqatala, Tərtər, Beyləqan, İsmayıllı, Qazax, Sumqayıt, Goranboy, Tovuz, Saatlı, Cəlilabad, Qəbələ, Salyan, Qusar və Quba Olimpiya İdman Komplekslərində keçirilib.

İştirakçılardan 1441 nəfəri (75 faiz) oğlan, 486 nəfəri (25 faiz) isə qız olub. Sinif bölgüsünə əsasən layihədə 1-ci sinifdən 128, 2-ci sinifdən 128, 3-cü sinifdən 153, 4-cü sinifdən 159, 5-ci sinifdən 272, 6-cı sinifdən 415, 7-ci sinifdən 332, 8-ci sinifdən isə 340 şagird iştirak edib.

Layihənin sonunda iştirakçılar arasında turnir keçirilib. İlk 3 yeri tutan şagirdlərə müvafiq diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.

İdman.Biz