Yekaterina Matviyenko Azərbaycanın bədii üzgüçülük yığmasının məşqçi heyətinə cəlb olunub

21 Aprel 2026 13:16
96
Yekaterina Matviyenko Azərbaycanın bədii üzgüçülük yığmasının məşqçi heyətinə cəlb olunub

Azərbaycanın bədii üzgüçülük komandasına yeni məşqçi cəlb olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) məlumat yayıb.

ASF Yekaterina Matviyenko ilə əməkdaşlığa start verdiyini açıqlayıb.

O, bu postda Oksana Pismennanı əvəzləyib.

Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş Y.Matviyenko təyinatı ilə bağlı fikirlərini bölüşüb:

“Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm. Məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Qeyd edək ki, bədii üzgüçülük üzrə idman ustası olan Y.Matviyenko müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.

İdman.Biz