Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru kanadalı mütəxəssis Pyer Lafontendir. O, yüksək nailiyyətlər idmanında uğurlu menecer və üzgüçülük üzrə məşqçi kimi tanınır. Lafonten dünya səviyyəli bir sıra atletlər yetişdirib və onların arasında Olimpiya Oyunlarının mükafatçıları da var. O, ABŞ və Avstraliya da daxil olmaqla bir çox ölkədə çalışıb. Son iki il ərzində Paris Oyunlarına hazırlaşan Çin Olimpiya yığmasının baş məşqçisi olub.
Bu təyinat Azərbaycanda su idman növlərinin inkişafında yeni mərhələnin başlanğıcı oldu.
İdman.Biz-ə müsahibəsində Pyer Lafonten Olimpiya çempionlarının hazırlanması üçün nələrin vacib olduğunu və bu istiqamətdə ölkədə nələrin çatışmadığını danışıb. O, eyni zamanda artistik üzgüçülük, su polosu, suya tullanma və açıq suda üzgüçülük sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.
- Siz bir çox ölkədə işləmisiniz. Beynəlxalq karyeranızda hansı nailiyyəti ən əhəmiyyətli hesab edirsiniz?
- Mən karyerama ayrı-ayrı nailiyyətlər prizmasından baxmıram. Mənim üçün daha vacibi elə bir sistem yaratmaqdır ki, o, mən getdikdən sonra da effektiv şəkildə işləsin. Çində Olimpiya Oyunları bizim üçün çox uğurlu alındı. Amma, məsələn, 2005-ci ildə Kanadaya gəldiyim zaman komanda rəqabətədavamlı deyildi. Gedəndə isə artıq dünyanın ən güclü yığmaları ilə inamla mübarizə aparırdı, çünki federasiyanın strukturu möhkəm idi. Azərbaycanda da dünya səviyyəli idmançıların stabil şəkildə hazırlanmasına imkan verən bir sistem qurmaq istəyirəm.
- Azərbaycanda işləmək təklifi sizi nə cəlb etdi?
- Düşünürəm ki, həyat topladığımız təcrübədən ibarətdir. Mən bu regionda heç vaxt işləməmişdim və düşündüm: niyə bütün təcrübəmi birləşdirib Azərbaycana kömək etməyim? Dünya səviyyəsində olmaq üçün o qədər də çox şey lazım deyil: hovuz, yaxşı məşqçilər, rəqabət və aydın struktur. Bu, həmişə pul məsələsi deyil, təşkilati məsələdir. Azərbaycanda 10 milyon əhali var – bu, böyük göstəricidir. Belə potensialla ölkə dünyanın ən yaxşılarından biri ola bilər. Norveçə baxın: 5 milyon əhali ilə Qış Olimpiya Oyunlarında qalib oldular. Onlar 40 milyon əhalisi olan Kanadanı geridə qoydular.
- Azərbaycanda işə başlayarkən qarşınıza hansı məqsədləri qoymusunuz?
- Oqtay (Oqtay Atayev – Federasiyanın baş katibi – red.) və komanda artıq yaxşı struktur qurub. Onu daha da gücləndirmək lazımdır. Bizə güclü məşqçi təhsili, hakimlərin inkişafı və klublara effektiv dəstək lazımdır. Milli üzgüçülük təlim proqramı son dərəcə vacibdir. Azərbaycanda hər il onlarla insan boğulur və bu faciələrin əksəriyyətinin qarşısını almaq olar, əgər insanlar üzməyi bacarsalar. Niyə elə etməyək ki, hər bir uşaq səkkiz yaşına qədər üzməyi öyrənsin? Belə məşğələləri məktəblərdə təşkil etmək olar, əgər hovuz yoxdursa, uşaqların hovuzlara aparılması mümkündür.
Biz üzgüçülüyün öyrədilməsindən başlayaraq idmanın təşviqi və Olimpiya çempionlarının hazırlanmasına qədər uzanan yolu qurmalıyıq. Potensial var, amma bu, uzunmüddətli prosesdir. İnkişaf mərhələli şəkildə, ən azı altı aylıq planlarla həyata keçirilməlidir. 2028-ci il Olimpiadasına iki il, 2032-ci ilə isə altı il qalır. Bu müddətdə 15 yaşlı idmançı dünya səviyyəli atletə çevrilə bilər. Kütləvi idmandan elitaya qədər uzanan proqram lazımdır ki, təkcə çempionlar deyil, həm də güclü şəxsiyyətlər yetişsin.
- Üzgüçülüyə ən yaxşı hansı yaşdan başlamaq lazımdır?
- Valideynlər körpəlikdən uşağı su ilə tanış edə bilərlər – evdə, hamamda. Süngər götürüb, uşağın bədəninə, başına və üzünə ehtiyatla su tökün ki, hisslərə öyrəşsin. İki yaşına qədər mütləq uşaqlarla birlikdə hovuza getməyi tövsiyə edərdim. “Valideyn + uşaq” formatında xüsusi məşğələlər var. Təlimçi burada birbaşa valideynlərə nəyi və necə etməli olduqlarını öyrədir, iki yaşdan sonra isə artıq uşaqlarla birbaşa işləyir.
Vacib məqam: balacalar üçün isti hovuz seçin. Uşağa soyuq olarsa, bu ona xoş gəlməyəcək. Dörd övladım var – bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm. İdeal halda, dörd-beş yaşında uşaq suda özünü inamlı hiss etməli və hovuzu üzüb keçə bilməlidir.
- Üzgüçülük sisteminin inkişafı üçün artıq hansı addımları atmısınız?
- Mən yüksək səviyyəli idmançıların hazırlanması üçün yeni modelə keçid üzrə işlərdə iştirak edirəm. Hazırda milli yığma komandalar formalaşdırılır. Bu aydan etibarən yeni proqram üzrə fəaliyyətə başlayırıq.
Çox vacib qərarlarımızdan biri ölkə tarixində əldə olunmuş bütün ən yaxşı nəticələrin yenidən rəsmi şəkildə qeydə alınması oldu. İslam Oyunlarında doqquz milli rekord yeniləndi. Belarusda keçirilən yarışlarda isə daha səkkiz rekord qırıldı. İdmançıya demək olar: “Sən yalnız Olimpiadada qalib gəlsən, yaxşısan”. O isə cavab verər: “Bu, çox uzaqdır, mən ora heç vaxt çata bilmərəm”. Amma demək də olar: “Gəlin baxaq, sən milli rekorda nə qədər yaxınlaşmısan. Sonra Avropa rekorduna, daha sonra isə dünya rekorduna”.
İdmançının Maykl Felpsi necə keçəcəyini yox, dünəndən daha yaxşı olmağı düşünməsi üçün uğura aparan çoxlu aralıq mərhələlər yaratmaq lazımdır. Məşqçilər isə irəliləyişi daim vurğulamalıdırlar. Uğur hekayələri məhz bu cür formalaşır. Yüz faizlik inkişaf ya iki elementi 50 faiz yaxşılaşdırmaqla, ya da yüz elementi 1 faiz artırmaqla əldə oluna bilər. Birincisi demək olar ki, mümkünsüzdür. İkincisi isə realdır.
Mən həmçinin ölkə üzrə kiçik yaş qrupları üçün daha çox yarış keçirmək istəyirəm. Artıq bir neçə uşaq turnirində olmuşam, məşqçilərlə söhbət etmişəm. Bu, möhtəşəm idi!
- Siz bu məşqçilərə, sizin fikrinizcə, yaxşı perspektivi olan uşaqlara diqqət yetirməyi tövsiyə etmisinizmi?
- Yaxşı gənc üzgüçülər az deyildi. Amma mən heç vaxt məşqçiyə konkret bir idmançıya diqqət yetirməyi demərəm. Hər bir uşaq öz vaxtında inkişaf edir. Sadə bir nümunə çəkim. Popkorn hazırlayanda nə baş verir? “Pop, pop, pop” – hər dənə fərqli vaxtda açılır. Gənc atletlər də elədir.
Bəli, istedadlı uşaqları inkişaf etdirmək lazımdır, amma daha vacibi klublarda elə bir mühit yaratmaqdır ki, hər bir uşaq özünü dəyərli hiss etsin. Uzunmüddətli perspektivdə belə düşünün: ola bilsin ki, proqramın bütün tarixi ərzində cəmi bir Olimpiya çempionu yetişdirəsiniz. Amma bunun müqabilində yüzlərlə, minlərlə uşaq bu idman növünü sevəcək. Onlar valideyn olanda isə artıq öz uşaqlarını üzgüçülüyə gətirəcəklər. Və bəlkə də məhz həmin uşaqlar gələcəkdə məşhur üzgüçülər olacaqlar.
Kim bilir, ola bilsin ki, 13 yaşında uşaq zəif görünür, çünki boyu balacadır. Amma 17 yaşında artıq iki metr boyunda atletə çevrilir. Yalnız boya və bədən quruluşuna əsaslanmaq olmaz. Bizim idman növündə hər şey zamanla ölçülür. Bu il Yay Yeniyetmələr Olimpiya Oyunları keçiriləcək. Biz iki oğlan və iki qız seçməliyik. Seçim yalnız nəticə vaxtına əsaslanacaq. Üzgüçülük bir çox digər idman növlərindən fərqli olaraq obyektivdir.
- Sizin yanaşmanız uzunmüddətli, mərhələli inkişafa əsaslanır. Bəs Azərbaycanda üzgüçülük üzrə Olimpiya çempionlarının nə vaxt ortaya çıxa biləcəyini soruşanlara nə cavab verərdiniz?
- Bu, çox uzun vaxt aparır. Avstraliya 1980-ci ildə üzgüçülükdə zəif idi. Yalnız 20 ildən sonra ölkə güclü üzgüçülük dövlətinə çevrildi. Əvvəlcə çempion üçün struktur yaratmaq lazımdır, yalnız bundan sonra o ortaya çıxır. Dayanıqlı sistem, yüksək nailiyyətlər mərkəzi, güclü məşqçilər, keyfiyyətli avadanlıq, yaxşı şərait və beynəlxalq yarışlar üçün büdcə olduqda – çempionlar özləri gəlir.
Bu, bütün idman növlərinə aiddir. Siz 15 yaşında güclü ola bilərsiniz, amma 10 ildən sonra heç bir nəticə göstərməyə bilərsiniz. Yaxud 15 yaşında orta səviyyəli üzgüçü olub, sonra avarçəkməyə keçərək 30 yaşında dünya çempionu ola bilərsiniz. Bəzən isə atlet Olimpiya çempionu olmur, amma ondan dünya səviyyəli məşqçi yetişir. İdman milləti məhz bu cür formalaşır. Ölkəni Olimpiya çempionları yox, uşağa Olimpiya çempionu və ya sadəcə uğurlu insan olmaq arzusu verən struktur müəyyənləşdirir.
Belə bir sistem idmançıya təkcə məşq etməyə deyil, eyni zamanda təhsil almağa də imkan verməlidir. Bizə elə idman məktəbləri lazımdır ki, uşaqlar gündə 4–5 saat dərs oxusun və paralel olaraq üzgüçülük, cüdo və ya futbolla məşğul olsunlar. Onlayn təhsilin inkişafı da zəruridir. Yaxın vaxtlarda dörd üzgüçümüz Polşada keçirilən dünya çempionatında idi və universitet imtahanlarını onlayn şəkildə verə bilmədilər.
- Dünya səviyyəli idmançıların düşüncə tərzi “orta səviyyəli” idmançılardan nə ilə fərqlənir?
- Əsas fərq təslim olmamaq bacarığıdır. Yarışı uğursuz keçirdikdən sonra ertəsi gün daha böyük istəklə işə başlamaq. Texnika, detallara diqqət çox vacibdir – xüsusilə də məşqçi tərəfindən. Atlet idmana bir rəssam kimi yanaşmalıdır: Pikasso bəzən rəsmi onlarla dəfə yenidən işləyirdi, yalnız razı qalanda dayandırırdı. Bu, əzmkarlıq, səbir və öyrənməyə hazır olmaq deməkdir. Bəzilərində bu keyfiyyətlər 15 yaşında, digərlərində isə 22 yaşında formalaşır. Buna görə də insanlardan imtina etmək olmaz. Bir insandan yalnız o, özü özündən imtina edəndə “əl çəkmək” olar. Hətta o zaman belə, bəlkə də ona daha çox dəstək lazımdır.
Bir daha təkrar edirəm – proqram vacibdir. 2032-ci ildə Brisbendə keçiriləcək Olimpiya Oyunlarına qədər altı illik plan olmalıdır. Elə büdcə ilə ki, idmançılar dünyanın müxtəlif ölkələrinə yarışlara gedə bilsinlər. Bu, məşqçinin dörd-beş idmançıdan ibarət kiçik qrupla işləməsini tələb edir. Məşqçilər haqqında da düşünməliyik. Onlar daim səfərdə olurlar. Onların ailələri var. Bu, çətin həyatdır. Onlara elə dəstək lazımdır ki, 45 yaşında ailələri hələ də xoşbəxt olsun. Əks halda, bir gün həyat yoldaşı deyəcək: “Bu dəli kimi bir işdir, sən heç vaxt evdə olmursan”.
- Bəs valideynlər uşağın uğurunda hansı rolu oynayırlar?
- Valideynlər valideyn olmalıdırlar. “Bu dəhşətli idi, sən pis çıxış etdin” deməməli, “Səni sevirəm. Yemək yemisən? Mən səni apararam. Mən buradayam” deməlidirlər. Bu, üçbucaqdır: yaxşı məşqçi, medala görə yox, şəxsiyyət naminə dəstək verən ailə və bunu hiss edən idmançı.
Mən uşaqlarının karyerasında çox fəal iştirak edən valideynləri qınamıram. Onlar yaxşısını istəyirlər.
Bəzi atletlər üçün yaxınların daim yanında olması üstünlükdür, digərləri üçün isə əksinə. Amma mən tez-tez hovuz kənarında valideynləri görüb düşünürəm: “Niyə fitness zalına getmirsiniz? Niyə gəzintiyə çıxmırsınız? Bəs özünüzə vaxt ayırmaq necə?” Vacibdir ki, valideynlər ilk növbədə şəxsiyyət, ər və arvad olaraq qalsınlar, yalnız bundan sonra ana və ata olsunlar.
- Siz qeyd etdiniz ki, dörd övladınız var. Onlar idmanla məşğul olublar?
- Böyük qızım əvvəlcə üzgüçülüklə, sonra qayayadırmanma ilə məşğul oldu, idman karyerasını isə avarçəkmədə başa vurdu. Hazırda iki uşaq anasıdır. Oğlum çox yaxşı üzgüçü idi, sonra isə Avstraliyada peşəkar reqbiçi oldu. Daha bir qızım Avstraliyada işlədiyim dövrdə çox güclü gimnast idi. Sonra Kanadaya köçdü və gimnastika üzrə məşqçi oldu. Yəni həyat yoldaşım minlərlə kilometr yol qət edib – avarçəkmə, gimnastika, üzgüçülük…
- Bəs övladlarınız idmana başlayanda siz necə valideyn idiniz? Xüsusən də özünüzün məşqçi olmağınızı nəzərə alsaq.
- Ah, bu, asan deyildi. Çox illər əvvəl yaxın dostum mənə dedi: “Pyer, məşqçi olmağı dayandır və uşaqların üçün ata ol”. O, tamamilə haqlı idi. Mən həmişə məqsədlər qoyur, irəliləyiş tələb edir, hər şeyin daha yaxşı olmasını istəyirdim. Düşünürəm ki, onun məsləhətinə qulaq asandan sonra daha yaxşı ata oldum. Əminəm ki, həyat yoldaşım da mənə eyni şeyi deyirdi, sadəcə o vaxt eşitmirdim (gülür). Dediklərimin hamısı şəxsi təcrübəmə əsaslanır.
Məsələn, qızım çox yaxşı gimnast idi. Amma mən bu idman növündən heç nə başa düşmürəm – hətta ayaq barmaqlarıma belə çata bilmirəm. Bir dəfə onun məşqçisindən soruşdum: “Qızıma kömək etmək üçün nə edə bilərəm?” O isə cavab verdi: “Onu rahat buraxın”. Yaxud da deyə bilərdi: “Evdə gimnastikadan danışmağı dayandırın. Qoy başı dincəlsin”. Bəzən ən yaxşı kömək vaxtında kənara çəkilməkdir.
Bununla belə, mən hələ də hesab edirəm ki, əgər sən idmanla yarış səviyyəsində məşğulsansa, ya tam şəkildə cəlb olunmalısan, ya da ümumiyyətlə yox. İdmanda 80 faiz olmaq olmaz. Eyni zamanda, nəticələrinə görə yox, uşaqları sevdiyi üçün çalışan məşqçilərə ehtiyacımız var. Çünki bizim məqsədimiz idman vasitəsilə təkcə sürətli üzgüçülər deyil, yaxşı insanlar yetişdirməkdir. Hər sahədə pis insan olub, yalnız idmanda əla olmaq mümkün deyil. Həyatın bütün sahələrində inkişaf etmək lazımdır.
Düzünü desəm, Azərbaycanda bir çox atletin təhsilə diqqət yetirməməsi bir qədər üzücüdür. Bu, böyük səhvdir. Ölkə savadlı, düşünən vətəndaşlar üzərində qurulmalıdır. Üzgüçülük karyerası 25 yaşında bitir, amma bundan sonra daha 50 il yaşamaq lazımdır. Təhsilsiz güclü şəxsiyyət, Azərbaycanın dünya səviyyəli təmsilçisi olmaq mümkün deyil. Üzgüçünün həyatı qısadır, məşqçinin həyatı isə uzundur. Amma istər ilk ildə, istərsə də 30 il sonra məşqçi böyük olmalıdır – idmançı həmişə səndən maksimumu burada və indi gözləyir.
- Söz düşmüşkən, məşqçilərdən danışaq: yerli mütəxəssislərin səviyyəsini necə artırmağı planlaşdırırsınız?
- Bizə məşqçi təhsili üzrə tam bir sistem yaratmaq lazımdır – başlanğıc səviyyədən beynəlxalq səviyyəyə qədər. Mütəxəssislərin praktiki təcrübə qazanması üçün mentorluq proqramı olmalıdır. Məsələn, onlar milli komandanın baş məşqçisi ilə birlikdə beynəlxalq yarışlara və ya təlim-məşq toplanışlarına gedə bilməlidirlər.
Texnologiyalardan daha fəal istifadə etməli və universitetlərlə daha sıx əlaqələr qurmalıyıq. Biomexanika, qidalanma – mən buna “performans qidalanması” deyirəm – masaj, startların analizi, videoanaliz, qanın laborator tədqiqatları, yuxu elmi – bütün bunlar idmançının ətrafında bir ekosistem şəklində qurulmalıdır.
- Azərbaycanlı məşqçilərin işə yanaşması xarici həmkarlarından nə ilə fərqlənir?
– Fərq yalnız təcrübədədir. Bəzi məşqçilər oxuyur, öyrənir, inkişaf edir. Digərləri isə yox. Mən özüm 50 illik təcrübəmə baxmayaraq, daim yeni biliklər axtarıram, suallar verirəm. Ən yaxşı olmaq istəməyən və ya hər şeyi bildiyini düşünən insanlara kömək edə bilmərəm. Tez-tez deyirəm: “Ümid edirəm ki, sən artıq qaçış ayaqqabılarında oyanırsan, çünki dünya səni gözləyir – onu fəth etməyin vaxtıdır”.
Başlanğıc səviyyəli mütəxəssislər üçün məşqçi təhsili sistemi yaratmaq üçün bizə, o cümlədən, onlayn təhsil lazımdır. 2026-cı ildir. Süni intellekt həyatımıza getdikcə daha güclü təsir edir. Süni intellekt müəyyən biliklər verir, amma anlayış formalaşdırmır. Buna görə də insanı yaxşı məşqçi etmir. Texnologiyaları qəbul etmək və onlardan ağılla istifadə etmək lazımdır.
Əsl inkişaf bu gün öyrənib, sabah daha dərindən anladıqda baş verir. Bu isə yalnız keyfiyyətli təhsil və mentorluqla mümkündür. Daha bir vacib məqam: bütün idman növlərində qadın məşqçilərin sayı artmalıdır. Qızlar onlara baxıb deyə bilməlidirlər: “Deməli, mən də dünya səviyyəli mütəxəssis ola bilərəm”.
- Digər su idman növləri haqqında daha ətraflı danışaq. Bizdə Xəzər dənizi var, amma açıq suda üzgüçülük elə də inkişaf etməyib…
- Bizdə su ilin böyük hissəsində soyuqdur. Girmək-çıxmaq xoşdur, amma beş kilometr üzmək artıq o qədər də yox. Bu idman növünü çimərliklərdə inkişaf etdirmək, həmçinin xilasedici mədəniyyətini formalaşdırmaq lazımdır. Yeri gəlmişkən, açıq suda güclü olan üzgüçülərin əksəriyyəti əvvəl hovuz üzgüçüləri olublar. Necə ki, ən yaxşı triatlonçular da uşaqlıqda üzgüçü olublar.
Hazırda açıq suda üzgüçülük üzrə beynəlxalq yarışlar seriyası olan “Oceanman” ilə razılaşmaya yaxınıq və ehtimal ki, artıq sentyabr ayında burada bir mərhələ keçirəcəyik. Bizə kiçik, “əyləncəli” startlar lazımdır: məsələn, “ata və qız” estafetləri, uşaqlar üçün üzgülər. Açıq su yalnız ağır iş deyil, həm də zövq olmalıdır. O zaman iştirakçıların sayı artacaq.
Yeri gəlmişkən, məşqçi kimi mən tez-tez açıq suda məşqlər keçirirəm. Amma başa düşmək lazımdır ki, bu, hamının xoşuna gəlmir. Bəziləri dibi görünməyən suda qorxur. Kimisini yosunlar, balıqlar, digər idmançıların toxunuşu, suyun dadı və qoxusu narahat edir. Bu, fərqli mentalitetdir. Xizəkdə olduğu kimi: kiməsə sürətli eniş xoşdur, kiməsə isə qaçış xizəyi.
- Azərbaycanda açıq suda üzgüçülük yarışları yalnız Xəzər dənizində keçirilə bilər?
- Xeyr. Göllər, su hövzələri, bəlkə də çaylar da uyğundur. Məsələn, Argentinada çay üzrə 88 kilometrlik üzgü var – təxminən doqquz saat davam edir. Kanadada biz hətta su xizəyi üçün istifadə olunan kiçik hövzələrdən də yararlanırıq – buylarla. Uşaqlar ikinci buyadək üzüb geri qayıdır, böyüklər üçüncü buyadək. Bu, əla formatdır. Azərbaycanda məşhur Göygöl var (red.) – niyə orada üzgü təşkil etməyək?
- Artistik üzgüçülük və suya tullanma üzrə vəziyyət necədir?
- Biz artistik üzgüçülüyü yenidən işə salırıq. İdmançılarla Ukraynadan olan çox yaxşı məşqçi çalışır. Suya tullanmaya gəldikdə isə, burada xüsusi infrastruktur lazımdır, hər hovuz uyğun deyil. Amma artıq bir neçə istedadlı gənc tullananımız var. Onlarla gənc rusiyalı məşqçi işləyir.
Mənim bir dostum var, indi təxminən 40 yaşı var, 13 yaşında dünya çempionu olmuşdu. Azərbaycanda çox istedadlı 12 yaşlı bir suya tullanan var. Amma 15 yaşında heç vaxt suya tullanma ilə məşğul olmayan uşağı götürsək, nəticə təxminən sizin və ya mənim kimi olacaq – böyük sıçrayış və az fənd. Əgər 8 yaşında başlasa, 15–16 yaşında güclü idmançıya çevrilə bilər. Yenə vurğulayıram: proqram uzunmüddətlidir. Ölkə üzrə daha çox suya tullanma klublarına ehtiyacımız var. Məsələn, Gəncədə möhtəşəm hovuzlar var – bu, böyük potensialdır.
- Bildiyimə görə, bu növlər üzrə tam formalaşmış milli yığmamız yoxdur?
- Suya tullanma üzrə gənclərdən ibarət inkişaf milli komandamız var, sinxron üzgüçülükdə isə 14 yaşlı iki qız və daha kiçik qruplar (8–9 yaş) fəaliyyət göstərir. Bu idman növlərini təbliğ etməli, kütləviliyi artırmalıyıq. Suya tullanma ilə gimnastika arasında tərəfdaşlıq qurmaq çox vacibdir. Bəzi gimnastlar gimnastikada orta səviyyəli olsalar da, suya tullanmada, hətta dünya səviyyəsində, əla idmançılara çevrilə bilərlər. Eyni şey artistik üzgüçülük, bədii gimnastika və triatlona da aiddir.
Dekabr ayında ölkə üzrə “Hamı üçün üzgüçülük” turniri keçirildi. Orada bütün su idman növlərini fəal şəkildə tanıtdıq, sinxron üzgüçülüyün təkcə qızlar üçün deyil, oğlanlar üçün də olduğunu izah etdik. Biz məktəblərə getməli, uşaqları hovuzlara dəvət etməliyik. Bu növləri sınamaq istəyənlər üçün bütün əlaqə məlumatları və informasiyalar Federasiyanın sosial şəbəkə səhifələrində mövcuddur.
- Atletlərin az olduğu növlərdə idmançıların naturalizasiyası imkanını nəzərdən keçirirsinizmi?
- Mən ölkə daxilində potensialın inkişaf etdirilməsinə üstünlük verirəm. Bu, daha çox vaxt aparır, amma daha dayanıqlıdır. Eyni zamanda, beynəlxalq idmançıları buraya məşq etməyə dəvət etmək vacibdir ki, bizim atletlər başqalarının necə çalışdığını görsünlər. Naturalizasiya yalnız o halda məntiqlidir ki, həmin idmançılar öz təcrübələrini geri versinlər – gənc atletlərimizə kömək etsinlər. Heç vaxt burada yaşamamış bir insanla Olimpiadada qələbə qazanmaq mediaya xoş görünür, amma idmanın inkişafına xidmət etmir.
2028-ci il - Los-Ancelesdir. Yaxın iki ildə Şimali Amerikaya daha çox səfər etməliyik. 2032-ci il Avstraliyadır, ona görə də Asiya və Avstraliyada yarışmalıyıq ki, idmançılarımız dünya idmanının səviyyəsini görsünlər.
- 2025-ci ilin oktyabrında su polosunda yeni məşqçi təyin olundu – xorvat mütəxəssis Qoran Sabliç. Bu idman növündə hazırda nə baş verir?
- Biz iki mərhələli test prosesi başa çatdırmışıq, istedadlı idmançıları müəyyən etmişik. İrəliləyəcəyik. Milli komandanın vəzifəsi onları birləşdirmək və su polosu güclü inkişaf etmiş ölkələrə – təlim-məşq toplanışlarına və yarışlara göndərməkdir. Məsələn, Avropada su polosu Kanadadan və ya ABŞ-dan qat-qat güclüdür. Ən güclü ölkələr arasında Macarıstan, Serbiya, Xorvatiya var. Almaniya və Yunanıstan da güclü komandalar sırasındadır. Bu ölkələrlə tərəfdaşlığı inkişaf etdirmək lazımdır.
Qoranla konsepsiyamız klub sisteminin qurulması, məşqçi təhsilinin inkişafı, həmçinin 16 və 14 yaşadək komandaların formalaşdırılması və bundan sonra 18 və 20 yaşlı komandanın mümkün qədər tez yuxarı səviyyəyə qaldırılmasıdır. Eyni zamanda, idmanın dürüst inkişafı üçün real əsas performans göstəriciləri müəyyənləşdirməliyik. Məqsədlər əlçatan olmalıdır, təkcə gözəl səslənməməlidir. Hamı dünya və ya Olimpiya çempionu olmaq istəyir, amma başlanğıc strukturdan olmalıdır və bunun üçün ciddi maliyyə və resurs yatırımı lazımdır.
- Sonda deyin, su idman növlərinin inkişafında regionları necə cəlb etməyi planlaşdırırsınız?
- Biz artıq sistemin necə genişləndirilməsi barədə çox danışmışıq. Hesab edirəm ki, ölkənin hər bir regionunda öz rəhbərliyi olan regional mərkəzlər yaradılsa, bu, hər bir idman növünü daha effektiv şəkildə inkişaf etdirməyə imkan verər.
Bakı mənim üçün artıq aydındır. Amma Şuşaya və ya Gəncəyə getmək tamam başqa hekayədir. Bizə hər bir regionda ölkənin məhz həmin hissəsini yaxşı tanıyan və anlayan insanlar lazımdır. Ola bilsin ki, ilkin mərhələdə prosesi işə salmaq üçün Bakından kimisə göndərmək məqsədəuyğun olsun. Lakin uzunmüddətli perspektivdə məhz regional kadrların yetişdirilməsi zəruridir.

