Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan karate üzrə ənənəvi "Olimpiya ümidləri" beynəlxalq turnirin açılış mərasimi olub.
Bu barədə İdman.biz-a Azərbaycan Milli Karate Federasiyasından məlumat verilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasiminin rəsmi hissəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. Bunun ardınca idman sahəsində xidmətləri olmuş şəxslərə diplomlar təqdim edilib. Açılış mərasimi qızlardan ibarət kata komandamızın nümunəvi çıxışı ilə yekunlaşıb.
Sonra turnirin final döyüşləri reallaşıb.
Qeyd edək ki, Abşeron Olimpiya İdman kompleksində keçirilən yarışda yaşı 16-dək olan idmançılar qüvvəsini sınayırlar.
Mükafatlar uğrunda 7 ölkənin 500-dən çox karateçisi mübarizə aparır.
İdman.biz