Olimpiya çempionu və çoxqat dünya çempionu, çinli üzgüçü Tsin Xayyan Bakıda keçirilən Dünya Kubokunda ilk finalından sonra yarışla bağlı təəssüratlarını bölüşüb.
Bu gün 100 metr məsafəyə brass üsulu ilə üzmədə üçüncü yeri tutan idmançı İdman.Biz-ə açıqlamasında ilk olaraq Su İdmanı Sarayı haqqında təəssüratlarını bildirib:
“Bu arena mənim çox xoşuma gəlir. Bakıda ilk dəfədir ki, oluram və özümü burada çox rahat hiss edirəm. Hər şey peşəkar və sakitdir. Bura mənim çox xoşuma gəlir. Şəhər də inanılmaz dərəcədə gözəldir”.
Qarşıda Tsin Xayyanı daha bir neçə məsafə gözləyir. Yarışın final günündə o, 200 metr məsafəyə brass üsulu ilə üzmədə çıxış edəcək. Yaxın vaxtlara qədər məhz bu məsafədə dünya rekordu ona məxsus idi. Lakin bir həftə əvvəl yaponiyalı Sin Ohasi çinli üzgüçünün nəticəsini üstələyib.
Bakıda yenidən dünya rekordu vurmağı planlaşdırıb-planlaşdırmadığı soruşulduqda, Tsin Xayyan belə cavab verib:
“Bura öz ən yaxşı nəticəmi göstərməyə çalışmaq üçün gəlmişəm. Bunu yüz faiz deyə bilmərəm”.
