Azərbaycanda üzgüçülük məşqçiləri üçün yeni tələblər müəyyənləşdirildi

27 Noyabr 2026 21:00
41
Azərbaycanda üzgüçülük məşqçiləri üçün yeni tələblər müəyyənləşdirildi

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə üzgüçülük təlimçilərinin və məşqçilərinin sertifikatlaşdırılmasına başlayır.

İdman.Biz xəbər verir ki, Avropa Üzgüçülük Federasiyası tərəfindən tanınan yeni sistem dörd mərhələdən ibarət olacaq.

2027-ci ildən etibarən Azərbaycanda yalnız sertifikatlaşdırmanın ən azı ilk iki mərhələsini uğurla başa vuran məşqçilər ASF tərəfindən rəsmən tanınacaq, klublara və valideynlərə tövsiyə olunacaqlar.

Yeni sistemin tətbiqində məqsəd uşaqların sağlamlığının qorunması, təhlükəsiz şəraitdə məşq etmələrinin təmin olunması və üzgüçülüyün vahid beynəlxalq standartlar əsasında tədrisidir.

Sertifikatlaşdırmanın birinci mərhələsində imtahandan uğurla keçən şəxslər üzgüçülük üzrə təlimçi statusu qazanacaqlar. Növbəti mərhələlər isə birbaşa məşqçilik fəaliyyətinə aid olacaq.

İlk təlim kursu dekabrın 1-dən 4-dək Bakı Su İdmanı Sarayında təşkil ediləcək. Kursda yalnız hazırda məşqçi kimi fəaliyyət göstərən şəxslər iştirak edə biləcəklər.

Təlimləri idman elmləri üzrə fəlsəfə doktoru, Lyublyana Universitetinin dosenti, Sloveniya Üzgüçülük Assosiasiyasının sabiq prezidenti Boro Ştrumbel aparacaq.

Kursun dəyəri 160 manat müəyyənləşdirilsə də, ilk təlim ödənişsiz olacaq. Növbəti kursların isə ödənişli əsaslarla təşkili nəzərdə tutulur.

Məşqçilər kursa qatılmadan birbaşa imtahanda da iştirak edə biləcəklər. Lakin uğursuz nəticə göstərən şəxslər növbəti kursu gözləməli və ödənişli əsaslarla təlimə yazılmalı olacaqlar.

İştirak etmək istəyən şəxslər iş yerini təsdiqləyən arayış təqdim etməklə https://forms.gle/g7uvN7kuAMk2FW2B9 keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, ASF yaxın zamanda üzgüçülərin qeydiyyatına və klubların lisenziyalaşdırılmasına da başlamağı planlaşdırır.

İdman.Biz