“Bakıdakı çıxışımdan çox razıyam” - Avropa çempionunun İDMAN.BİZ-ə AÇIQLAMASI

1 Oktyabr 2026 23:10
59
“Bakıdakı çıxışımdan çox razıyam” - Avropa çempionunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Avropa və dünya çempionatlarının çoxqat qalibi, niderlandlı üzgüçü Marrit Stenbergen Dünya Kubokunun Bakı mərhələsində 50 metr məsafəyə arxası üstə üzmə yarışının finalında qızıl medal qazanıb.

Niderlandlı idmançı İdman.Biz-ə açıqlamasında turnirdəki çıxışından razı qaldığını bildirib:

“Burada göstərdiyim çıxışdan çox razıyam. Nəticəmdən məmnunam. Bir az daha sürətli üzməyə ümid edirdim, amma düşünürəm ki, bu, çox yaxşı başlanğıcdır. Ona görə də burada çıxış etməkdən həqiqətən xoşbəxtəm və nəticəmdən razıyam”.

Stenbergen həmçinin yeniyetmə ikən Bakıda yarışdığı 2015-ci il Avropa Oyunlarından 11 il sonra Azərbaycana qayıtmaq təəssüratlarını bölüşüb:

“Bura qayıtmaq çox əladır. Ümid edirdim ki, çox şeyi xatırlayacağam, amma düzünü desəm, xatirələrim o qədər də çox deyil. Yalnız məşq hovuzunu tanıyıram, başqa heç nəyi yox. İstənilən halda, 11 ildən sonra yenidən burada olmağıma şadam. Bura gözəl yer və əla hovuzdur. Ona görə də çox xoşbəxtəm”.

İdman.Biz