“Çətin idi, amma dişimi sıxıb üzməyə davam etdim” - Abdürrəhman Rüstəmovun İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

1 Oktyabr 2026 20:44
117
“Çətin idi, amma dişimi sıxıb üzməyə davam etdim” - Abdürrəhman Rüstəmovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Yarış çox həyəcanlı keçdi. Dünya Kubokunun mərhələsi ilk dəfədir ki, Azərbaycanda keçirilir. Çox şadam ki, bizə dəstək olmaq üçün bu qədər tamaşaçı gəldi”.

İdman.Biz xəbər verir ki, bunu ev sahibi qismində Dünya Kubokunda 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında səkkizinci yeri tutan azərbaycanlı üzgüçü Əbdürrəhman Rüstəmov bildirib.

Rüstəmov bu günün nəticəsini qiymətləndirib və yarışda ən çətin anlarından danışıb:

“Bizim yaxşı nəticəmiz var. Ümid edirəm ki, növbəti yarışlarda da yaxşı nəticə göstərəcəyik və Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Son metrələr üzgüçülər üçün çətin olur, amma deyildiyi kimi, dişini sıxıb üzmək lazımdır. Çətin olmasına baxmayaraq, üzməyə davam etdim. Nəticədə pis olmayan nəticə göstərdik, Azərbaycanı dünya arenasına çıxardıq və mən bundan məmnunam”.

İdman.Biz-in sualını cavablandıran Rüstəmov bildirib ki, dünyanın ən güclü üzgüçüləri ilə yarışmaq ona böyük təcrübə qazandırır və gələcəkdə onlarla mükafat uğrunda mübarizə aparacağına ümid edir:

“Burada dünya rekordçuları və olimpiya çempionları yarışırlar. Onlardan öyrənmək, onlarla yarışmaq və onları izləmək imkanı böyük motivasiya verir. Biz onlara baxırıq və onlar kimi olmaq istəyirik. Ümid edirik ki, bir gün onlarla eyni kürsüdə ola biləcəyik”.

Sonda idmançı əlavə edib ki, o, sabah 100 metr məsafəyə sərbəst üsulla üzmək yarışında çıxış edəcək və finala yüksəlməyə ümid edir.

İdman.Biz