“Maklaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisindəki insidentdən sonra Franko Kolapinto ilə söhbətinin necə keçdiyindən danışıb.
İdman.Biz “GPblog” nəşri xəbər verir ki, Norris aralarında yaranmış anlaşılmazlığı qarşılıqlı üzrxahlıqla həll etdiklərini deyib.
“Hər şey yaxşı keçdi. Düşünürəm ki, uzun-uzadı danışmağımıza ehtiyac yox idi. Söylədiyim və yanlış olan bəzi sözlərimə görə ondan üzr istədim. O da öz növbəsində insidentə və təbii ki, qəzaya görə məndən üzr istədi. Bu da yaxşı haldır.
Frankonu çox istəyirəm. O, çox mehriban uşaqdır. Biz həmişə trek gəzintisi zamanı, brifinqlərdə və digər oxşar situasiyalarda söhbətləşirik. Buna görə də ona münasibətim yaxşıdır. Amma bəli, biz sadəcə bir-birimizdən üzr istədik. Artıq heç nə.
Cəriməyə gəlincə, burada nəyisə demək çətindir. Bu, mənim həll edəcəyim məsələ deyil.
Frankoya demək istədiyim hər şeyi dedim və fikirlərimi, üzrxahlığımı məhz onunla bölüşməli idim. Bunu sosial şəbəkələrdə etməyimə ehtiyac yox idi və hesab etmirəm ki, bu cür məsələlər üçün onlardan istifadə etməliyəm. Lakin ətrafda çoxlu səs-küy və müzakirələr var idi. Ona görə də üzr istədiyimi və haqsız olduğumu etiraf etdiyimi ictimaiyyətə bəyan etməyin və ya göstərməyin ağlabatan olduğuna qərar verdim.
Ümumiyyətlə, düşünürəm ki, pilotluğumda olduğu kimi, səhv bir şey edəndə də bunu ilk etiraf edən həmişə mən oluram. Bunu televiziyada dediyim üçün hamı ilə bölüşməyi ədalətli hesab etdim. Çünki hamı məni eşitdi, mən isə deyilənlərin tam olaraq mənim həqiqi baxışlarımı əks etdirdiyini düşünmürəm”, – deyə Norris bildirib.
