“McLaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisindəki insidentdən sonra “Alpine” pilotu Franko Kolapinto barədə səsləndirdiyi sərt ifadələrə görə üzr istəyib.
İdman.Biz xəbər verir ki, Bakıdakı yarışdan sonra britaniyalı pilot Kolapintonu tənqid edərək “bəzi pilotların "Formul-1"-də yeri olmadığını” bildirib və argentinalının belə sürüşə görə diskvalifikasiya edilməli olduğunu deyib. Norrisin sözləri Argentina azarkeşləri arasında ciddi reaksiyaya səbəb olub.
İtaliya mətbuatının məlumatına görə, növbəti iki gün ərzində Norris çoxsaylı təhqir və hədələrlə üzləşib. Bundan sonra britaniyalı pilot həddini aşdığını etiraf edib və yarışdan sonra Kolapinto ilə şəxsən əlaqə saxladığını bildirib.
“Çətin bir həftəsonu idi. Yarışdan sonra Frankoya mesaj göndərdim və üzr istədim. Mən daha yaxşı davranmağa qadirəm. Hisslərimə qapıldım, baxmayaraq ki, bu bəraət qazandırmır”, – deyə Norris “Instagram” hesabında yazıb.
Britaniyalı pilot "Formula-1" karyerası ərzində özünün də səhvlərə yol verdiyini qeyd edib:
“Mən də bu illər ərzində səhvlər etmişəm və bilirəm ki, imkanlarımızın həddində yarışarkən belə şeylər idmanın bir hissəsidir”.
Norris baş verənlərin Kolapinto ilə münasibətlərinə təsir etmədiyini də vurğulayıb:
“Biz hələ də yaxşı dostuq və bu həftəsonu yenidən trasda mübarizə aparmağa hazırıq”.
Qalmaqal "Formula-1-in hüdudlarını da aşıb. Kolapintonun müdafiəsinə Argentina millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Serxio Aquero da qalxıb.
“Alpine” Norrisin ünvanına yönələn təhqirləri pisləyərək hörmətə çağırış etdikdən sonra Aquero qarşılıqlı hörmətin vacibliyi ilə razılaşdığını, lakin Kolapinto azarkeşlərinin reaksiyasını anlaşılan hesab etdiyini bildirib.
“Biz bəyanatı anlayırıq və hörmətin vacibliyi ilə razıyıq. Lakin kimsə bizim pilotumuz Franko haqqında pis danışırsa, onu dəstəkləyənlərin reaksiya verməsi məntiqlidir. Biz hər kəs üçün hörmət istəyirik”, – deyə Aquero bildirib.
“Alpine” isə Norrisə qarşı təhqiramiz və təcavüzkar şərhləri pisləyərək, səhvlərin baş verə biləcəyini, lakin heç kimin sosial şəbəkələrdə nifrət hədəfinə çevrilməməli olduğunu vurğulayıb.
Vəziyyətə Argentinanın xarici işlər naziri Pablo Kirno da reaksiya verib. O, Norrisə 2025-ci il Kanada Qran-prisində britaniyalının “McLaren”dəki komanda yoldaşı Oskar Piastri ilə toqquşmasını xatırladıb.
“Yəqin ki, Lando Norris 2025-ci ildə Monrealda Oskar Piastriyə çırpılan pilotun cəzalandırılmasını tələb edirdi. Ah, yox... dəqiq”, – deyə Kirno istehza ilə yazıb.
Beləliklə, Bakı trasındakı insident yalnız "Formula-1" nümayəndələri və azarkeşlər arasında deyil, Argentina futbolu və siyasətinin tanınmış simaları arasında da geniş müzakirələrə səbəb olub. Yekunda Norris sərt ifadələrinə görə üzr istəyib və Kolapinto ilə dost olaraq qaldıqlarını vurğulayıb.
