“Uilliams”ın pilotu Aleks Albon "Formula-1" üzrə Azərbaycan Qran-prisində yarışı yarımçıq saxlamasına səbəb olan qəzanı şərh edib.
İdman.Biz xəbər verir ki, Albon 30-cu dövrədə qəzaya uğrayıb. Sürücü öz səhvini etiraf etsə də, qəzanın səbəblərindən birinin güclü külək olduğunu bildirib.
“Çox qəribə idi. Mən bir az gec tormozladım, sonra isə güclü külək əsdi. Elə düşündüm ki, məni trasdan bir az kənara çıxaracaq, lakin divara çırpılacağımı heç gözləmirdim. Düşünürəm ki, hər bir halda öz səhvimi etiraf etməliyəm”, – deyə Albonun sözlərini “RacingNews365” sitat gətirib.
Pilotun sözlərinə görə, bu cür problemlər “Uilliams” bolidinin xüsusiyyətləri ilə də bağlıdır.
“Biz bilirik ki, bəzən maşın faktiki olaraq üç təkər üzərində hərəkət edir. Çox gec tormozladıqda təkərlərdən biri asfaltla təması itirə bilər. Qəfil külək isə vəziyyəti daha da ağırlaşdıran son faktor olur. Meyillənmə çox kiçik idi – cəmi bir neçə metr, lakin bu belə bizim üçün həddindən artıq çoxdur”, – deyə o əlavə edib.
