Sayca 10-cu dəfə təşkil olunan “Formula-1” Azərbaycan Qran-prisini dünyanın aparıcı media qurumlarını təmsil edən jurnalistlər, fotoqraflar və çəkiliş qrupları olmaqla, 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Qran-prisi 56 xarici televiziya kanalında - “Sky Sports”, ESPN, “Canal+”, “beIN Sports”, Apple TV, “Tencent”, TV Globo və DAZN daxil olmaqla, çoxsaylı beynəlxalq yayım platformalarında yayımlanıb. Hər il olduğu kimi, “Netflix” platformasında yayımlanan məşhur “Drive to Survive” filmini çəkmək üçün platformanın yaradıcı heyəti də Bakıda olub.
Qran-pri həftəsi ərzində xarici media yalnız yarışla kifayətlənməyib, həmçinin Azərbaycanın mədəniyyətini və milli ənənələrini təqdim edən reportajlar hazırlayıb. Xarici jurnalistlər üçün təşkil olunan xüsusi mediatur onlara ölkənin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradıb. Məsələn, “Formula-1”in Avstriyadakı rəsmi yayımçısı “ServusTV” Bakı haqqında xüsusi süjet hazırlayaraq milli mətbəximizi, ənənəvi musiqimizi və musiqi alətlərimizi nümayiş etdirib, Böyük Britaniyanın “Sky Sports” telekanalı isə Azərbaycan xalçaçılığına həsr olunmuş ayrıca süjetlə tamaşaçılarını bu qədim sənət növü ilə tanış edib.
Akkreditə olunmuş media nümayəndələrinin işi üçün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə uyğun Media Mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün rahat iş zonaları, zəruri texniki imkanlar və mətbuat konfrans zalı fəaliyyət göstərib.
