Polşalı jurnalist: “Sabah”ın əldə edəcəyi təcrübə gələcəkdə faydalı olacaq” - MÜSAHİBƏ + FOTO

28 Sentyabr 2026 11:33
68
Polşalı jurnalist: “Sabah”ın əldə edəcəyi təcrübə gələcəkdə faydalı olacaq” - MÜSAHİBƏ + FOTO

“Bu forma mənim deyil, Timoteuş Puxaçın özünündür”.

Bunu “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıya səfər etmiş Polşanın “Eleven Sports” kanalının jurnalisti Radek Florkovski AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bakıya ilk səfərinizdir?

- Bəli, Bakıya ilk dəfədir gəlirəm. Deməliyəm ki, burada insanlar polşalılara qarşı çox mehribandırlar. Bilmirəm bunun səbəbi nədir, amma hara gediriksə – istər restoran, istərsə də otel olsun – insanlar bizə çox yaxşı münasibət göstərirlər. Bir restoranda həmin müəssisənin meneceri ilə söhbət etdik. O, iki il Polşada yaşadığını, Polşa futbol klublarını, insanlarını və şəhərlərini tanıdığını dedi. Oteldə də Polşa haqqında çox şey bilən insanlarla qarşılaşdıq. Bu, bizim üçün də çox xoşdur. Çünki Azərbaycana gəlməklə sizin mədəniyyətinizi, şəhərinizi və paytaxtınızı daha yaxından tanıyırıq. Eyni zamanda, görürük ki, siz də Polşa haqqında kifayət qədər məlumatlısınız. Bakıya gəlməzdən əvvəl şəhərin gözəl olduğunu bilirdim. “Formula-1” yarışlarından görüntülər görmüşdüm və haraya gəldiyimi təsəvvür edirdim. Sabah Bakını daha ətraflı gəzməyə vaxtımız olacaq və bunu səbirsizliklə gözləyirəm.

- Üzərinizdə “Sabah” futbolçusu və həmyerliniz Timoteuş Puxaçın formasını görürük. Formanı haradan əldə etmisiniz?

- Bu forma mənim deyil, Timoteuş Puxaçın özünündür. Yarış vaxtı bizim operatorumuz Timoteuşa bir yaxşılıq etdi, o da əvəzində rəsmi nişanları olan bu formanı ona hədiyyə etdi.- Azərbaycan futbolunu nə dərəcədə izləyirsiniz?

- Düzünü desəm, Azərbaycan klublarının futbolunu əvvəllər çox izləmirdim. Amma hazırda “Sabah”da çıxış edən futbolçumuz Timoteuş Puxaçı Polşada çox yaxşı tanıyırlar. Polşada futbol mədəniyyəti kifayət qədər inkişaf edib. Təbii ki, əsas diqqətimizi milli komandaya, ən yaxşı futbolçularımıza və onların çıxış etdiyi klublara yönəldirik. Puxaç da onlardan biridir. Bu il onun sayəsində “Sabah”ın Çempionlar Liqasındakı oyunlarını izləyə bilirik. Bir çox polşalı azarkeş və futbolsevər Azərbaycan futbolu, xüsusilə də “Sabah” haqqında daha çox məlumat əldə edir. Bildiyim qədər, “Sabah” 2017-ci ildə yaradılıb. Yəni kifayət qədər gənc klubdur, amma artıq böyük uğurlar qazanıb. Əgər komanda Azərbaycan çempionatında da belə çıxışını davam etdirsə, Polşada Azərbaycan futbolu haqqında daha çox məlumat yaranacaq. Puxaç Polşa mediasına Azərbaycan və “Sabah” haqqında danışanda yalnız xoş sözlər deyir. O, klubunu, şəhəri və ölkəni çox sevdiyini, burada mümkün qədər uzun müddət qalmaq istədiyini bildirir. Düşünürəm ki, “Sabah” onun üçün böyük şansdır. Xüsusilə də indi Çempionlar Liqasında oynamaq imkanı qazandığı üçün.

- “Sabah” bu mövsüm Çempionlar Liqasında “Barselona”, “Napoli”, “Arsenal” və “Borussiya Dortmund” kimi güclü komandalarla qarşılaşacaq. Bu barədə nə düşünürsünüz?

- Bu, “Sabah” üçün böyük çağırış olacaq. Komanda artıq ilk oyununu “Mançester Yunayted”ə qarşı keçirib. Polşa klublarının Çempionlar Liqası və digər avrokuboklardakı çıxışlarında da oxşar vəziyyətlə qarşılaşmışıq. Bəlkə də belə mövsüm çox oyun qazanmaq və ya böyük uğur əldə etmək üçün ideal vaxt deyil. Amma böyük təcrübə qazanmaq baxımından çox vacibdir. Bu təcrübə klubun gələcəkdə daha da inkişafına kömək edə bilər. Böyük rəqiblərlə oyunlarda qələbə qazanmaq çətin olacaq. Amma ümid edirəm ki, “Sabah”ın əldə edəcəyi təcrübə növbəti illərdə komandaya fayda verəcək.

- Sizcə, “Sabah” əsas mərhələdə neçə xal toplaya bilər?

- Bundan sonra Çempionlar Liqasında yeddi oyun keçirəcəklər. “Napoli”, “Barselona” kimi böyük rəqiblərdən xal almaq çətin olacaq. Amma daha münasib rəqiblər də var və düşünürəm ki, “Sabah” həmin oyunlarda xal qazana bilər. Bir neçə xal belə çox yaxşı nəticə olar. Əsas məsələ “Sabah”ın Çempionlar Liqasında özünü göstərməsi, Azərbaycanın ən yaxşı futbolunu nümayiş etdirməsi və Avropaya rəqabətədavamlı komanda olduğunu sübut etməsidir. Bu, bütün Avropa və dünya futbol ictimaiyyəti üçün gözəl mənzərə olardı.

- Puxaç uzun müddət Polşa milli komandasına çağırılmırdı. “Sabah”dakı çıxışından sonra yenidən yığmaya dəvət aldı. Bunu necə qiymətləndirirsiniz?

- Puxaç üçün milli komandaya qayıtmaq böyük hadisədir. Bu, “Sabah”ın futbolçularına özlərini göstərmək və milli komandaların diqqətini cəlb etmək baxımından yaxşı iş gördüyünü göstərir. Onun əvvəlki dövrdə müəyyən çətinlikləri olmuşdu. Bəlkə də onu Polşada unutmuşdular demək düzgün olmaz, amma karyerasında zəif dövr keçirirdi. İndi isə Çempionlar Liqasında və Bakı klubunda oynamaqla özünü yenidən xatırlatdı. Futbolçu Çempionlar Liqasında oynayırsa, onun milli komandaya çağırılmaması çətin məsələdir. Polşanın Çempionlar Liqasında çıxış edən çoxlu futbolçusu yoxdur. Buna görə Puxaçın geri qayıtması bizim üçün əhəmiyyətlidir.

- Bəs Polşada “Sabah” haqqında nə yazırlar, necə danışırlar?

- Həmişə yaxşı şeylər yazırlar. Polşa mediası maraqlı hekayələri sevir. Timoteuş Puxaç və “Sabah” məhz belə bir hekayədir. Söhbət təkcə futbolçudan getmir. Klubun özü də maraqlı hekayədir. Azərbaycanda hər il Çempionlar Liqasında çıxış edən klub olmur. “Sabah” isə bütün təsnifat mərhələlərindən keçərək əsas mərhələyə yüksəlib. Buna görə də klubun Çempionlar Liqasında iştirakı diqqətçəkən hadisədir. Bu, həqiqətən də gözəl hekayədir. Eyni zamanda Puxaç əvvəlki illərdə Çempionlar Liqası kimi böyük klub turnirlərində oynamaq imkanına malik olmayıb. İndi isə Azərbaycanda çıxış etmək qərarının onun üçün düzgün addım olduğu görünür. O, Çempionlar Liqasında oynayır, milli komandaya qayıdıb və xoşbəxtdir. Düşünürəm ki, Polşa mediası onun karyerasında belə bir addım atmasından yalnız məmnun ola bilər.

- Puxaça görə Bakıda və ya digər oyunları izləməyə getmək istəyərsiniz?

- Bəli, əlbəttə. Biz “Formula-1” ilə əlaqədar Bakıya gəlmişik. Adətən yarışlara üç-dörd jurnalistdən ibarət qrupla gedirik və olduğumuz şəhərdə həmin həftəsonu keçirilən digər idman tədbirlərini də izləməyə çalışırıq. Bakıda da maraqlı futbol oyunları və digər idman tədbirləri axtarırdıq. Təəssüf ki, hazırda milli komandaların oyunları ilə əlaqədar fasilədir və maraqlı futbol qarşılaşması izləmək imkanımız olmadı. Amma hava limanından otelə gedərkən belə şəhərə baxır, stadion və arenaları axtarırdıq. Bilirik ki, Tofiq Bəhrəmov adına Respublika Stadionu və Olimpiya Stadionu var. Onları da görmək istəyirik. Bakı səfərimizdən çox məmnunuq. Şəhəri daha yaxından tanımaq və Azərbaycanı kəşf etmək istəyirik.

İdman.Biz