Hemilton “Ferrari”nin Bakıda dördüncü qüvvəyə çevrilməsi fikrini qəbul etmədi

27 Sentyabr 2026 12:25
70
Hemilton “Ferrari”nin Bakıda dördüncü qüvvəyə çevrilməsi fikrini qəbul etmədi

“Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton Azərbaycan Qran-prisindən sonra komandasının “Formula-1”də dördüncü gücə çevrilməsi fikri ilə razılaşmayıb.

İdman.Biz xəbər verir ki, Hemilton Bakıdakı yarışı altıncı yerdə başa vurub. Yeddiqat dünya çempionu təsnifat mərhələsində də altıncı olmuşdu və yarışın gedişində uzun düzlüklərdə “Ferrari”nin sürət çatışmazlığı səbəbindən podium uğrunda mübarizəyə qoşula bilməyib. O, finiş xəttini qalib Corc Rasselldən 22,382 saniyə sonra keçib.

Hemilton yarışdan sonra çox vaxt rəqiblər arasında təcrid olunmuş vəziyyətdə qaldığını bildirib. Düzlüklərdə müdafiə edə bilməməsi ilə bağlı suala cavab verən britaniyalı bunun xoş olmadığını, lakin vəziyyəti dəyişmək üçün çox şey edə bilmədiyini söyləyib.

“Ferrari”nin güc nisbətində dördüncü yerə düşüb-düşmədiyi barədə suala isə Hemilton etiraz edib:

“Bunun nə əhəmiyyəti var? Niyə mən bununla razılaşmalıyam? Harada olduğumuzu bilmirəm - üçüncü, yoxsa ikinci. Hazırda ikinci ən sürətli komanda olmadığımız aydındır. Amma bu gün “McLaren”dən öndə idik, ona görə də bəlkə üçüncüyük”.

Qeyd edək ki, Bakı mərhələsində “Mercedes” və “Red Bull” temp baxımından “Ferrari”dən üstün görünüb. Buna baxmayaraq, İtaliya komandası SF-26 üzərində inkişaf işlərini davam etdirir və mövsüm bitənədək əlavə yenilik paketinin təqdim olunması gözlənilir.

İdman.Biz