FIA prezidenti: “Bakı Şəhər Halqası unikaldır”

27 Sentyabr 2026 13:58
90
FIA prezidenti: “Bakı Şəhər Halqası unikaldır”

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının unikal xüsusiyyətlərini yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, FIA rəhbəri “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakı trekini həm pilotlar, həm də tamaşaçılar üçün xüsusi edən cəhətlərdən danışıb.

“Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır”, - deyə Məhəmməd bin Sulayem bildirib.

Onun sözlərinə görə, müasir avtomobil idmanı artıq yalnız pilotların trasdakı rəqabəti ilə məhdudlaşmır:

“İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm”.

FIA prezidenti Azərbaycanın “Formula-1” ilə əməkdaşlığının gələcəyinə də toxunub. O, ölkənin uzunmüddətli planlarını müsbət qiymətləndirib.

“Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var”, - deyə Məhəmməd bin Sulayem vurğulayıb.

İdman.Biz