Rassell və Ferstappendən Azərbaycan Qran-prisindəki cəza ilə bağlı sərt açıqlama

27 Sentyabr 2026 11:35
87
Rassell və Ferstappendən Azərbaycan Qran-prisindəki cəza ilə bağlı sərt açıqlama

“Formula-1” üzrə Azərbaycan Qran-prisindən sonra Lando Norrisin Franko Kolapintonun bir yarışlıq diskvalifikasiya edilməli olduğu barədə açıqlaması digər pilotların etirazına səbəb olub.

İdman.Biz xəbər verir ki, “Mercedes”in pilotu Corc Rassell və “Red Bull”dan Maks Ferstappen bu cəzanı həddindən artıq sərt hesab ediblər.

Hadisə Bakı Şəhər Halqasında təhlükəsizlik avtomobilindən sonra yarışın 36-cı dövrəsində baş verib. Kolapinto birinci döngədə idarəetməni itirib və komanda yoldaşı Pyer Qaslini vurub. Qasli isə zərbədən sonra Norrisin bolidinə çırpılıb. Nəticədə hər üç pilot yarışı dayandırıb.

Stüardlar Kolapintoya qəza törətdiyinə görə 10 saniyəlik cəza veriblər. Lakin argentinalı yarışı davam etdirə bilmədiyi üçün bu sanksiyanın növbəti Qran-pridə start mövqeyi cəzasına çevriləcəyi gözlənilir.

Norris isə hadisədən sonra Kolapintonun bir yarışlıq diskvalifikasiya edilməli olduğunu bildirib.

Rassell bu fikirlə razılaşmayıb:

“Məncə, bu, həddindən artıq sərtdir. Təhlükəsizlik avtomobilindən sonrakı startlarda təkərlər soyuq olur və çox kiçik səhv böyük nəticələrə səbəb ola bilər”.

Ferstappen də oxşar mövqe sərgiləyib. Niderlandlı pilotun fikrincə, əsas məsələ qəzanı törədən sürücünün səhvini qəbul etməsi və üzr istəməsidir. Kolapinto hadisədən sonra üzr istəyib.

İdman.Biz