“Formula-1” üzrə Azərbaycan Qran-prisində “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri xal uğrunda mübarizə apardığı halda yarışın sonlarında ciddi səhvə yol verib.
İdman.Biz “RacingNews”a istinadən xəbər verir ki, Piastri 40-cı dövrədə birinci döngəyə yaxınlaşarkən ön təkərlərin hər ikisini eyni anda kilidləyib. Hadisə “Red Bull”un pilotu İsak Hacardan mövqeyini qorumağa çalışarkən baş verib.
Buna qədər Piastri ikinci pillədə gedib və 30-cu dövrəyədək Maks Ferstappeni arxasında saxlaya bilib. Aleks Albonun qəzasından sonra təhlükəsizlik avtomobili trasa çıxıb, restartdan sonra isə avstraliyalı pilot mövqeyini qoruya bilməyib. Daha sonra ikinci restartdan cəmi bir dövrə sonra baş verən təkər kilidlənməsi onu geriyə atıb. Piastri yarışı 13-cü yerdə tamamlayıb.
Piastri hadisəni belə şərh edib:
“Bir az qəribə idi. Hər iki ön təkər birdən kilidləndi. Müdafiə edərkən adətən istifadə etdiyim xətdən fərqli trayektoriyada idim. Yolun qabarıq hissəsinə düşüb-düşmədiyimi
bilmirəm, amma bu, mənim üçün sürpriz oldu”.
Avstraliyalı pilot nəticədən məyus olsa da, həftəsonunun ümumi gedişini əvvəlkilərlə müqayisədə daha ümidverici hesab edib. Onun sözlərinə görə, boliddən daha çox dövrə tempi çıxara bilib və sürmə tərzində hansı istiqamətdə inkişaf etməli olduğunu daha yaxşı anlayıb.
“Yarışdakı bir epizodu çıxsaq, bu həftəsonu özümün gözlədiyim səviyyəyə daha yaxın idim. Bu tərəfdən hər şey daha ümidvericidir. Amma hələlik bunun qarşılığında heç nə əldə etməmək çox ağrılıdır”, - deyə Piastri bildirib.
Piastrinin 13-cü yeri və Lando Norrisin yarışı erkən başa vurması nəticəsində “McLaren” Bakıdan xal qazanmadan ayrılıb və Konstruktorlar Kubokunda ikinci yer uğrunda “Ferrari” ilə mübarizədə əlavə xal itkisi yaşayıb.
