Gənclər və İdman Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə 6-12 avqust tarixlərində Bakı şəhərində Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası keçiriləcək.
İdman.biz xəbər verir ki, 35 ölkədən 265 gəncin iştirakı ilə keçiriləcək sessiyanın gündəliyində gənclərin təhsil imkanlarının genişləndirilməsi müzakirə ediləcək. Avropa Parlamentinin simulyasiyası əsasında keçiriləcək tədbirdə 12 fərqli mövzu üzrə komitə iclasları və Baş Assambleyanın sessiyası təşkil olunacaq.
Sessiyada plenar dinləmələr və debatlar keçiriləcək, səsvermə ilə qəbul olunacaq qətnamələr Avropa Parlamentinə gənclərin təşəbbüsü adından təqdim olunacaq.
Beynəlxalq tədbirdə iştirak edəcək gənclərdə mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə "Avropa şəhərciyi" və "Avrokonsert" tədbirləri, Azərbaycanın zəngin tarixi-mədəni irsini əcnəbi iştirakçılara yaxından tanıtdırılması üçün isə əyləncəli proqramlar, turlar və muzeylərə ekskursiyalar təşkil olunacaq.
Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir və 40 ölkədə fəaliyyət göstərən üzv təşkilatları, 6000-ə yaxın könüllüsü var.
İdman.biz