“Red Bull”dan Bakıda son böyük addım

25 Sentyabr 2026 12:31
71
“Red Bull”dan Bakıda son böyük addım

“Formula-1”də çıxış edən “Red Bull” komandası Azərbaycan Qran-prisində RB22 bolidi üçün mövsümün son böyük yenilik paketini istifadəyə verəcək.

İdman.Biz xəbər verir ki, Avstriya komandası mövsümün son hissəsində əsas resurslarını artıq 2027-ci il bolidinə yönəldib. Buna baxmayaraq, Bakı mərhələsinə gətirilən son ciddi yenilik Maks Ferstappen və İsak Hacarın nəticələrinə təsir edə biləcək əsas texniki dəyişiklik hesab olunur.

“Red Bull”un rəhbəri Loran Mekies Bakıdakı paketin bu mövsüm üçün son əhəmiyyətli yenilik olacağını təsdiqləyib. Onun sözlərinə görə, komandanın resurslarının böyük əksəriyyəti artıq gələn ilin maşınının hazırlanmasına sərf edilir.

“Bəli, haqlısınız. Bu, çox güman ki, bizim son ciddi paketimizdir. Resurslarımızın çox böyük hissəsini artıq gələn ilin bolidinə yönəltmişik”, - deyə Mekies bildirib.

Bununla belə, komanda cari mövsümü də tam kənara qoymayıb. “Red Bull” hələ 2026-cı ildə ilk qələbəsini qazanmayıb və Mekies bunu əsas hədəflərdən biri adlandırıb. Ferstappen son beş yarışın dördündə podiuma yüksəlsə də, cari mövsümdə qələbə əldə edə bilməyib.

Bakıya gətirilən yenilik əsasən bolidin döşəmə və yan ponton hissələrini əhatə edir. Komanda ümid edir ki, bu dəyişikliklər RB22-nin performansını artıraraq mövsümün qalan yarışlarında ilk qələbə uğrunda mübarizəni gücləndirəcək.

Qeyd edək ki, “Red Bull” Konstruktorlar Kubokunda 230 xalla dördüncü, Maks Ferstappen isə 145 xalla pilotların çempionatında altıncı pillədə qərarlaşıb.

İdman.Biz