Xəbər verdiyimiz kimi, qadınlardan ibarət Azərbaycan yığması Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanıb.
Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət komandamız 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında ikinci yeri tutub.
Komandamızın üzvü Zeynəb Sultanova mükafatlandırma mərasimindən sonra öz təəssüratlarını İdman.biz-lə bölüşüb.
Z.Sultanova bildirib ki, bu nəticə onun üçün gözlənilməz olub:
"Yarışa başlayanda bu nəticəni gözləmirdim. Amma nə gözəl ki, sonda bu nəticə oldu. Bu, həm də mənim beynəlxalq yarışlardakı ilk medalım oldu. Mən 3-4 ildir bu idman növü ilə məşğulam. Olimpiya yarışlarında iştirak etmək üçün təcrübə çatışmır. Necə ki indi yer tutdum, zamanla pillə-pillə qalxıb ora kimi gedib çıxaram".
Qeyd edək ki, 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında Çin qızıl, Hindistan isə bürünc medal qazanıb.
Əliş Abdulla
İdman.biz