Azərbaycan millisinin atıcısı Nərmin Cəfərova U-23 Avropa Çempionatında uğurlu çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, 18 yaşlı idmançı səngər stendi üzrə təsnifat mərhələsini uğurla başa vuraraq finala yüksəlib. Bununla da Cəfərova qitə birinciliyində medal uğrunda mübarizə aparmaq imkanı qazanıb.
Nərmin Cəfərova son illərdə Azərbaycan stend atıcılığının perspektivli idmançılarından biri kimi diqqət çəkir. O, 2025-ci ildə Azərbaycanda keçirilən Üçüncü MDB Oyunlarında səngər stendi üzrə gümüş medal qazanıb.
Cəfərova beynəlxalq arenada da təcrübə toplayıb. O, 2025-ci ildə Afinada keçirilən dünya çempionatında, 2026-cı ildə isə Almatıda təşkil olunan ISSF Dünya Kubokunda həm fərdi, həm də qarışıq komanda yarışlarında Azərbaycanı təmsil edib. Hazırda o, ISSF-in qadınlar arasında trap dünya reytinqində 96-cı pillədə qərarlaşıb.
