Ukrayna komandası bu gün atıcılıq üzrə dünya çempionatında ikinci gümüş medalını qazanıb.
İdman.biz xəbər verir ki, dairəvi stend atıcılığı üzrə qarışıq komanda növündə yarışda ukraynalı İrina Maloviçko və Mikola Milçev qızıl medalı ABŞ-ın Vinsent Hankok və Cuel Ostin Smit cütlüyünə 1 xalla uduzaraq əldən verib. Böyük Britaniya komandasının Bakıda keçirilən dünya çempionatında ilk medalı bu yarışda Ben Levelin və Co Amber Ratter cütlüyünün qazandığı bürünc medal olub.
ABŞ komandasının təcrübəli siması, kişilər arasında 3-qat olimpiya çempionu olan Vinsent Hankok Azərbaycan paytaxtının onun üçün uğurlu olduğunu söyləyib:
"Bakıda keçirilən dünya kubokunda da qalib olmuşdum. Burada yenə qızıl medal qazandım. Bakı möhtəşəmdir. Atıcılıq Mərkəzi də çox gözəldir. Uzun illərdir ki, yarışlarda çıxış edirəm. Bura gəldikdə özümü öz evimdəki kimi hiss edirəm. Mərkəzinizdə çıxış etməkdən çox xoşum gəlir. Maraqlıdır ki, Bakı mənim üçün hər dəfə düşərli olur".
O, ilk atışlar zamanı etdiyi səhvlərdən sonra əsəbi olmadığını bildirib: "Final görüşünün əvvəlində bir-iki atış zamanı hədəfdən yayındım. Buna görə əsəbi deyiləm. Əksinə çox rahat idim. Xoşbəxtəm ki, mənim belə komanda yoldaşım var. O, məni kompensasiya etdi".
Cuel Ostin Smit isə Vinsentlə birlikdə çıxış edən zaman rahat çıxış etdiyini bildirib: "Biz eyni ştatda yaşayırıq. Uzun müddətdir ki, bir yerdə məşq edirik. Ona görə də anlaşmağımızda heç bir problem yoxdur. Üzərimdə təzyiq hiss etmirəm, çox rahatam. Öz evimizdə yarışır kimi davrandım".
İdman.biz