Avropa Kubokunun qalibi olan güllə atıcımız: “İstədiyim səviyyəyə çatmamışam”

14 İyul 2026 13:49
89
Avropa Kubokunun qalibi olan güllə atıcımız: “İstədiyim səviyyəyə çatmamışam”

Estoniyanın Manniku şəhərində keçirilmiş “Lapua” Avropa Kubokunda iki qızıl medal qazanan Azərbaycan güllə atıcısı Ruslan Lunyov zədədən sonra hələ tam istədiyi səviyyəyə çatmayıb.

Azərbaycan millisinin üzvü turnirdə iki qızıl mükafata sahib çıxması ilə bağlı fikirlərini bölüşüb.

“Bu, çox xoş hisslərdir. Ötən il yaşadığım zədədən sonra tədricən əvvəlki formamı bərpa edirəm və nəticələrim də bunu göstərir. Hələ tam istədiyim səviyyəyə çatmamışam. Lakin hər yarışda özümü daha yaxşı hiss edirəm. Avropa Kubokunda qazandığım iki qızıl medal gördüyümüz işin doğru istiqamətdə olduğunu göstərir və mənə qarşıdakı yarışlar üçün əlavə motivasiya verir”, - deyə o report.az-a açıqlamasında söyləyib.

R.Lunyov bildirib ki, hər idmançı üçün ölkəsini beynəlxalq arenada uğurla təmsil etmək böyük qürur mənbəyidir:

“Bu medallar mənim üçün yalnız qələbə deyil, həm də Avropa Kubokunun final mərhələsinə vəsiqə deməkdir. Bu, məsuliyyətimi daha da artırır. Final mərhələsində də uğurlu çıxış etmək üçün əlimdən gələni edəcəyəm”.

O, qarşıdakı hədəflərindən də söz açıb:

“Əsas hədəflərimdən biri Avropa Kubokunun final mərhələsində uğurlu çıxış etməkdir. Lakin bu ilin ən vacib yarışı noyabrda Qətərdə keçiriləcək dünya çempionatı olacaq. Həmin turnirdə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün mübarizə aparacağıq. Əsas məqsədim dünya çempionatında medal qazanaraq ilk “üçlük”də yer almaq və Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməkdir. Bu istiqamətdə hazırlığı maksimum səviyyədə davam etdirirəm”.

Xatırladaq ki, Ruslan Lunyov 25 metr məsafəyə standart tapança ilə atəş açma və və eyni məsafəyə mərkəzi atəş açma növündə qızıl medal qazanıb.

İdman.Biz