Fərid Qayıbov: “Prezident Kuboku 2026” beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır”

27 Aprel 2026 15:33
176
Fərid Qayıbov: “Prezident Kuboku 2026” beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır”

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır”.

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında söyləyib.

Nazir Qarabağın dilbər guşəsi Ağdərədə ilk dəfə beynəlxalq yarış təşkil edildiyini bildirib:

“Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bu yarışların əksəriyyəti beynəlxalq xarakter daşıyır. Avarçəkmə üzrə isə bu artıq beşinci belə tədbirdir. Məlum olduğu kimi, “Prezident Kuboku” reqatası daha əvvəl Suqovuşan və Köndələnçayda da uğurla təşkil olunub. Hazırkı yarışda da xeyli sayda ölkənin təmsil olunması xüsusi məmnunluq doğurur. Bu münasibətlə qarşıdan gələn növbəti idman bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Humay İsgəndərova

İdman.Biz